Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Media haqqında” yeni qanun: Azərbaycan mətbuatı üçün yeni üfüqlər açılır

Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuat tarix boyu maariflənmədə, milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Ötən əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib, dövlət müstəqilliyini bərpa etdikdən sonra isə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib. Ümumilli lider Heydər Əliyevin Fərmanı əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi isə milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoyub.

Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı. Bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.

Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə də böyük təlabat yaratmışdı. Azərbaycanda 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır.

Ölkə başçısı İlham Əliyevin 2021-ci ilin əvvəlində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmanla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında media sahəsində əsaslı inkişafa nail olunmasına dəstək olacaq, media subyektlərinin bütün sahələrini əhatə edəcək yeni qurum – Medianın İnkişafı Agentliyi yaradıldı (MEDİA). Agentlik fəaliyyətə başladıqdan sonra isə Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən “Media haqqında” yeni qanun layihəsi üzərində hazırlıq işləri aparılıb. Hərtərəfli əsaslandırma nəticəsində hazırlanan yeni qanun layihəsi artıq geniş müzakirələr üçün təqdim olunub.

Vüqar Rəhimzadə

Vüqar Rəhimzadə

“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə “Report”a bildirib ki, “Media haqqında” yeni qanun layihəsi çox vacib sənəddir. Onun sözlərinə görə, bu qanun Azərbaycanda təkcə çap mətbuatı deyil, elektron medianın, eyni zamanda, internet televiziyaların tənzimlənməsində mühüm rol oynayacaq: “İnformasiya əldə etmək haqqında qanun”, “Dövlət sirri haqqında” qanun, “Reklam haqqında” qanun – bütövlükdə bu külliyyat halında bu qanun zəngin Azərbaycan mediasını istiqamətləndirəcək, mediamızın fəaliyyət prinsiplərini müəyyənləşdirəcək”.

O hesab edir ki, qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və bir çox digər məsələləri özündə əks etdirir. V.Rəhimzadə vurğulayıb ki, bu vahid jurnalist kartlarının təqdim olunması, ciddi mətbuatla qeyri-ciddi mətbuatın ayırd edilməsi, ümumiyyətlə, jurnalistika fəaliyyətinin dislokasiyasını özündə müəyyən edən sənəddir.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli isə “Report”a bildirib ki, “Media haqqında” qanun layihəsi Azərbaycanda indiyədək tətbiq edilməmiş yeniliklərlə zəngindir: “Layihə ilk növbədə onlayn medianın hüquqi statusunun tanınması, strukturlaşması barədə təsəvvür yaratması baxımından önəmlidir. Onlayn media 20 ilə yaxındır ki, Azərbaycanda yaranıb, inkişaf edir və bu gün ölkəmizin media məkanında çox böyük paya malikdir. Amma onun hüquqi tənzimlənməsi tamamlanmamışdı. Belə natamamlıq, boşluq həm onlayn media sferasında fəaliyyət göstərənlərin özləri üçün, həm də cəmiyyət üçün problemlər yaradırdı. Yeni qanunun qəbul edilməsi bu boşluğu aradan qaldıracaq”.

Ekspertin sözlərinə görə, yeni qanun layihəsi vahid reyestrin tətbiq edilməsini nəzərədə tutur ki, bu da çox önəmli məqamdır: “Ölkədə nə qədər KİV qurumu, nə qədər jurnalist fəaliyyət göstərir və s. bu kimi suallara aydınlıq gətiriləcək. Vahid reyestrin olması ölkədə KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq”.

O deyib ki, jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də müsbət amildir. Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan faydalanacaqlar.

Həmçinin vurğulamaq lazımdır ki, yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini tapıb. Yaxud, bu cür hallarda jurnalistlərin digər hansı mənbələrə istinad edəcəkləri də göstərilib.

Layihədə nəzərdə tutulan ən önəmli məqamlardan biri də freelancer-sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınmasıdır. Onlayn medianın inkişafı sərbəst çalışan jurnalistlərin kəmiyyətini artırıb, amma indiyədək onların hüquqları tanınmırdı. Yeni qanun bu problemi də aradan qaldırır.

Bütün bunlar onu deməyə əsas verir ki, “Media haqqında” yeni qanun məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi sənəddir.

Check Also

Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur

Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi …