146 yaşın mübarək olsun!
Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin 146 yaşı tamam olur. Qəzetin ilk nəşrə başladığı 22 iyul tarixi, ölkəmizdə 1991-ci ildən Milli Mətbuat Günü kimi qeyd olunur.
“Əkinçi”- nin 1875-1877 ilədək 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının inkişafında əvəzsiz rolu olmuşdur. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı, həm də sadə təbəqə arasında çox məşhur oldu. Dövrünün görkəmli ziyaliları və qələm sahibləri qəzetlə əməkdaşlıq edirdilər.
Çar Rusiyası insanların maariflənməsində, ictimai-siyasi proseslərə bələd olmasından narahat olaraq, ” Əkinçi” qəzetinin nəşrini dayandırdı. O vaxtdan tənəzzül dövrü keçən Azərbaycan mətbuatı daim cəmiyyətin baxışlarında güzgü rolunu oynayıb.
1998-ci il 16 avqust tarixli ” Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə KİV üzərində senzura ləğv ediildi.
Hazırda respublikada çoxlu sayda qəzet, jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Dövlət başçısının mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları dövlət qayğısının bariz nümunəsidir. Sözsüz ki, bu proseslərin əsas iştirakçıları, səbəbkarı Azərbaycan jurnalistləridir.
Prezident cənab İlham Əliyev 12 yanvar 2021 – ci il tarixdə Azərbaycan Respublikasında medya sahəsində islahatlar haqqında Fərman imzalamışdır. Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında ” Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Cənab İlham Əliyevin prezident seçildiyi ildən, yəni 2003- cü ilin yanvarından nəşrə başlayan ” Dövlət və Qanun” qəzeti ölkə rəhbərinin həyata keçirdiyi Heydər Əliyev siyasətinin daimi təbliğatçısı olaraq, qazanılan uğurların ictimaiyyətə çatdırilmasında, ictimai fikrin formalaşmasında sədaqətlə xidmət etməkdədir. Bu şərəfli işimizi daim davam etdirəcəyik.
Dəyərli həmkarlarım, Azərbaycana vicdanla xidmət edən kəsərli qələm sahibləri,
PEŞƏ BAYRAMINIZ MÜBARƏK OLSUN!!
Yasəmən Möhübbətqızı
” Dövlət və Qanun” qəzetinin baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Beynəlxalq Sülh Səfiri.
22 iyul 2021.