Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Mirzoyanla Papkiyan yol ayrıcında qalıb

XİN başçısı Moskvada, müdafiə naziri isə Vaşinqtonda hesabat verir

Ermənistan ABŞ və Rusiyaya eyni vaxtda yarınmağın təhlükəli olduğunu anlamaqda çətinlik çəkir
  Ermənistan hakimiyyəti iki böyük gücün – Rusiya və ABŞ-ın arasında qalıb. Bunu Ermənistan rəsmilərinin səfər trayektoriyasından müəyyənləşdirmək olar. Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan Moskvaya yollanıb. Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşən nazir regional təhlükəsizlik, sabitlik, o cümlədən Ermənistan-Rusiya müttəfiqlik münasibətləri ilə bağlı məsələləri müzakirə edib. Görünür, Mirzoyan liderlərin Brüssel görüşünün detallı hesabatını Lavrova verib. Ermənistanın Müdafiə naziri Suren Papkiyan isə əks istiqamətə, ABŞ-a gedib. 
Onu da Pentaqona çağırıblar. Belə çıxır ki, amerikalılar da İrəvanın Rusiya ilə hərbi əməkdaşlığının səviyyəsini öyrənmək istəyirlər. Üstəgəl, Qarabağ separatçılarının “xarici işlər naziri” David Babayanı da Konqresdə gözləyirlər. İki gün sonra isə Baş nazir Nikol Paşinyan Kreml sahibi Vladimir Putinin hüzurunda olacaq. Paşinyan Putinlə birgə iqtisadi forumda iştirak edəcək. Ekspertlərə görə, Paşinyan və hökuməti Rusiyanın ağalığından imtina edə bilmirlər. Ancaq Vaşinqtonun da şirnikləndirici təkliflərindən vaz keçmirlər. Vaşinqton Ermənistanın Rusiyadan tam imtina edə bilməyəcəyini anlayışla qarşılayır. Kremlin isə bu məsələdə mövqeyi qəti və güzəştsizdir. 
  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında bildirib ki, İrəvan həm Moskvaya, həm də onun qatı düşməni Vaşinqtona hesabat verir. Partiya təmsilçisinin sözlərinə görə, Ermənistan indiki qəliz geopolitik situasiyada çaşqın vəziyyətə düşdüyünü qətiyyən gizlədə bilmir: 
“Rəsmi İrəvanın atdığı son addımlar xaotik xarakter daşıyır. Gələcək nəticələri də kifayət qədər ciddi suallar doğurur. Ancaq rəsmi İrəvanın unutduğu çox önəmli məqam var. 
Ermənistan ABŞ və Rusiyaya eyni vaxtda yarınmağın həm təhlükəli, həm də mənasız olduğunu hələ də anlamaqda çətinlik çəkir. İki dövlətin eyni vaxtda Ermənistanı birlikdə müdafiə edəcəklərinə yalnız sadəlövhlər inana bilər.
Digər tərəfdən, Cənubi Qafqazda reallıqlar ciddi şəkildə dəyişib. Regionda həm Rusiyanın, həm də Qərbin öz maraqlarını təmin etmələri üçün Ermənistan həlledici faktor deyil.
 Ermənistanın geopolitik əhəmiyyəti çoxdan beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən ciddiyə alınmır. İndi Cənubi Qafqazda maraqları olan super güclərin ilk növbədə Azərbaycan-Türkiyə tandemi ilə anlaşmaya ehtiyacı var. Ermənistanın gələcək taleyi də məhz bu ittifaqdan birbaşa asılı vəziyyətdədir”.

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …