Şənbə , 20 Aprel 2024
Drone Cameras

MM-in buraxılmasına məmnuniyyətlə səs verən deputatların bəzilərinin yenidən ifadə etdikləri deputatlıq iddiası – məntiqsizlik hardadır…

Milli Məclis parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətini səsə qoyan zaman maraqlı nəticə əldə olunub. Deputatların böyük əksəriyyəti, demək olar ki, yekdilliklə YAP-ın qərarını dəstəkləmişdi. Hətta parlamentdə təmsil olunan və özlərini konstruktiv adlandıran müxalif partiyalar belə.

Həmin qərara açıq etiraz edən yalnız YAP-ın təmsilçisi olan və partiyanın klassik üzvlərindən sayılan Arif Rəhimzadə olub. Milli Məclisin sədri Oqtay Əsəsdov səsvermə gedən iclasda bildirib ki, həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri, digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşdirilməsini, parlamentin yenilənməsini zəruri edib. Milli Məclisin buraxılması ilə bağlı parlamentin Prezidentə müraciət etməsindən sonra komitə sədri Arif Rəhimzadə israrla söz istəyib. Spiker artıq müzakirələrin bitdiyini desə də, ona söz verib. A.Rəhimzadə qərarda əksini tapan bəzi məqamlara etiraz edib: “Məgər biz indiyədək parlamentdə elə bir şərait yaratmışıq ki, “krizis” yaranıb? Bir tərəfdən deyirsiniz ki, sosial şəbəkələrdə ədalətsiz fikirlər yayılır, digər tərəfdən özümüz belə müraciət qəbul edirik. İndi biz deyirik ki, yox, biz bacarmamışıq, pis işləmişik, gəlin bunu buraxaq. Buraxaq yox, yazmalıyıq ki, növbədənkənar seçkilərə gedək”.

Təbii ki, A.Rəhimzadənin mövqeyi nəyisə dəyişmədi.

Artıq parlament buraxılıb və ölkədə növbədənkənar seçkilər təyin olunub. Ancaq həmin hadisədən doğan bir məntiqsizlik bizi bu mövzuya yenidən qayıtmağa vadar etdi. Parlament buraxılandan sonra passiv işlədikləri ilə bağlı qərara səs verən köhnə deputatların bir çoxu yenidən deputat olmaqla bağlı iddialarını ortaya qoyurlar. Burada belə bir məntiqsizlik yaranır: əgər bir deputat deputat kimi özlərinin məhsuldar işləmədiyini qəbul edirsə, hansı haqla yenidən deputat olmaq istəyir? Belə qənaətə gəlmək olarmı ki, A.Rəhimzadənin parlamentdə təmsil olunmaq haqqı digərlərinə nisbətdə daha çoxdur?

  • Samir Adıgözəlli: “Seçki kampaniyası zamanı onlara alternativləri bu iradı mütləq bildirəcəklər”

İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir neçə dəfə məhz bu iradını sosial şəbəkədə bildirib: “Bilirsiniz, çox təəccüblüdür. Mən YAP-ı təmsil edən deputatları hardasa başa düşürəm. Onlar əvvəl bu qərarı partiyada qəbul ediblər. Hər bir YAP üzvü qərara tabe olmalıdır. Ancaq bizim parlament yalnız YAP-çılardan ibarət deyildi axı. Orada özlərini müxalifət sayanlar, bitərəflər də kifayət qədər olub. Təbii ki, parlamentin buraxılması ilə bağlı qərara onların səsinin nəticəsi olmayacaqdı. Çünki çoxluq hakim partiya tərəfdədir. Heç olmasa, yaxşı işləməmişik kimi müddəalara bir etiraz edərdilər. Parlamentin buraxılmasını mən ikiəlli alqışlayıram və tam doğru qərar sayıram. Çünki bizə də orada təmsil olunmaq şansı daha tez yarandı. Ancaq bu qərarı dəstəkləyənlərin yenidən deputat olmaq istəməsini anlaya bilmirəm. YAP-dan kənar olan deputatlar passiv işlədikləri ilə bağlı “epiteti” qəbul ediblərsə, gəlib yeni parlamenti də əvvəlkinin gününə salmaq istəyirlər? Mən A.Rəhimzadənin mövqeyini bəyəndim. Öz fəaliyyətinə hörmət qoyulmasını tələb etdi. Elə adam var ki, özünə müxalifət deyir və orada əlini  YAP-dan yuxarı qaldırıb, indi də deyir ki, məni yenidən seçin. Seçki kampaniyası zamanı onlara alternativləri bu iradı mütləq bildirəcəklər. Bizim dediyimiz kateqoriya deputatların bu məsələdən sonra uğurlu seçki kampaniyası aparmaq şansları da xeyli aşağı düşəcək”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …