Şənbə , 23 Noyabr 2024
Drone Cameras

MM-in komitə sədri Rusiya XİN başçısının müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanda səfərdə olan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşüb.

Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səməd Seyidov bildirib ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı hörmətə əsaslanan sıx münasibətlər mövcuddur. Çoxəsrlik tarixə malik olan Azərbaycan-Rusiya münasibətləri ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinə söykənir. Hər iki ölkə prezidentinin rəhbərliyi ilə dövlətlərimiz arasındakı strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlib. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri də dinamik inkişaf edir və bu sahədə parlamentlərarası dostluq qruplarının xüsusi rolu var.

Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Rusiya Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafında maralıdır.

O, ölkələr arasında mövcud olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin əhəmiyyətindən danışıb, ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığını yüksək qiymətləndirib.

A.Qruşko 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın bütün müddəalarının həyata keçirilməsinin və tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiya və Azərbaycan arasında parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər iştirak ediblər.

Check Also

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı …