Moldovada fəaliyyət göstərən Azərbaycan icması Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi və İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması kimi vandalizm aktlarını qətiyyətlə pisləyib.
Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Moldova Azərbaycanlıları Konqresi adından BMT-nin, ATƏT-in Kişinyovdakı nümayəndəliklərinə və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanatlarında Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşməsi səbəbinə aydınlıq gətirilib. Azərbaycan əsgərinə verilən işgəncədən cəmi bir gün sonra Ermənistanda növbəti vandalizm aktının – Azərbaycan bayrağının yandırılmasının baş verdiyinə diqqət cəlb edilib.
Azərbaycan bayrağına qarşı yolverilməz davranışın Ermənistanın baş nazirinin iştirak etdiyi mötəbər tədbirin canlı yayımı zamanı İctimai Televiziyanın əməkdaşı tərəfindən həyata keçirildiyi, bu cür nifrət mühitinin təhlükəsizlik baxımından Azərbaycan atletlərinin yarışda iştirakını qeyri-mümkün etdiyi xüsusilə vurğulanıb.
Ermənistanın mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyini bir daha xatırladan Moldova Azərbaycanlıları Konqresi müvafiq beynəlxalq təşkilatlardan hər iki zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini, Avropa Ağır Atletika Federasiyası tərəfindən Ermənistana qarşı sanksiyalar tətbiq olunmasını tələb edib.
Moldova azərbaycanlıları beynəlxalq idman ictimaiyyətini etiraz səsini ucaltmağa, idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə çağırıblar.