Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Muxtar Babayev və Qoşqar Təhməzlinin menyusuna: “Zirə qəsəbəsində sakinlər üfunətdən xəstəliyə tutulub” – SOS!

“Cənablar, Sizin üçün bu torpaqlarda 100 min toyuğun yaşaması daha önəmlidir, yoxsa onlarla ailənin?”

Bakının Xəzər rayonunun Zirə qəsəbəsində yaşayan sakinlər bir müddət əvvəl Azinforum.az saytına şikayət ərizəsi ilə müraciət etmişdilər. Məsələyə tam aydınlıq gətirmək üçün Azinforum.az saytı araşdırmalara başladı.

Boyukmillet.com Azinforum.az saytına istinadən xəbər verir.

Şikayətçilər adından saytımıza danışan Qarabağ qazisi Ədalət Kalbalıyev sakinlərin üzləşdiyi problemlərdən danışaraq qeyd edirdi ki, yaşadıqları əraziyə yaxın yerdə bir neçə ay “Zirə toyuqları” adı altında bazara mal təqdim edən müəssisə yaradılıb, amma ərazini bürüyən üfunət iyi sakinləri yaşadıqları yerdən köçməyə vadar edir: “Dediyim ərazi Zirə Ekoloji Parkının yaxınlığındadır. Ferma fəaliyyətə başlayandan sonra ətrafa buraxdığı üfunət iyindən yaşamaq mümkün deyil. İydən camaat pəncərəni aça bilmir, çölə çıxmaq mümkünsüz olub. İllərdir bu ərazidə yaşayan sakinlər öz evlərindən didərgin düşüblər. Uşaqlar üfunət iyindən çölə çıxa bilmirlər. Kimsə pul qazanır deyə, onlarla ailəni evindən necə didərgin etmək olar? Artıq uşaqların bronxlarında ciddi problemlər yaranıb, bu üfunət uşaqlarmızın sağlamlığına təhlükədir. Ən dəhşətlisi budur ki, bu üfunət iyi verən müəssisə ekoloji parkın düz yaxınlığındadır. 100 min toyuğun üfunət iyini ventilyasiya sistemi ilə çölə, həyətlərimizə vururlar”.

Vətəndaşların şikayəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri həmin Zirə qəsəbəsində toyuq fermasının yerləşdiyi ərazidə olublar. Onlar laboratiya analizi üçün havadan nümunə götürüblər. Bir müddət sonra isə, ETSN-dən sakinlərə cavab gəlib ki, aparılan analizlər zamanı müəyyən olunmuşdur ki, guya həmin ərazidə ekologiyanın çirkəndirilməyib.

Heç şübhəsiz ki, işinin öhdəsindən layiqincə gəlməyi özünə ağır yük hesab edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi üfunət iyi ilə ekoloji çirkləndirmənin “fərqi”ni ayırd edə bilməyib. Ümumiyyətlə, o boyda Nazirlik bu üfunət iyini ekoloji çirkləndirmə kateqoriyasına aid olub-olmamasını hətta özləri üçün müəyyənləşdirə bilməyib!?

Kömək məqsədilə ETSN-nə kiçik bir XATIRLATMA: “Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması,  tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur”.

Üfunət iyi ekoloji  tarazlığı pozan amillər sirasındadır, hər hansı bir ərazinin ekoloji mühafizəsini şərtləndirən əsas cəhətlərdən biri orada atmosferin təmizliyini təmin etməkdir. Bizim ETSN-nə dərs demək fikrimiz yoxdur, amma ortada nümunələr var: bu günə qədər atmosferə zərərli üfunət buraxan xeyli sayda obyektlər məhz bu qurum tərəfindən cəzalandırılıb. Marqlıdır, bəs indi niyə susur? Xüsusi ventilyasiya sistemi ilə çölə vurulan üfunət iyi atmosferi çirkəndirdiyinə və insanların sağlamlığına təsir etdiyinə görə məhz ekoloji problem hesab olunur.

1.     “Zirə toyuqları” toquqların qanını hara axıdır?

2.     Zaman-zaman quşlarda-toyuqlarda aşkarlanan xəstəliklər bu gün də öz aktualığnı saxlayır. Belə olan halda yaşayış evlərinin düz ortasında toyuq ferması salmaq nə dərəcədə doğrudur?

3.     “Zirə toyuqları”nda 100 min toyuqun çirkli tullantıları hara atılır?

Qapalı şəraitdə fəaliyyət göstərən, qapısını heç bir dövlət qurumunun üzünə açmayan “Zirə toyuqları” ilə bağlı bu suallardakı müəmməlara da hələ heç kim aydınlıq gətirməyib. Havadan nümunə götürərkən ETSN-nin nümayəndələrinin üfunət iyindən az qala boğulduğunu da nəzərə almağı bacarmayanların vətəndaşlara qarşı qərəzli münasibətlərinin səbəbləri də tezliklə aydınlaşacaq və bu məsələdə qərarlıyıq!

Məsələnin daha biabırçı tərəfinə keçək! Deməli, Dövlət Qida Agentliyinin nümayəndələri də vətəndaşların şikayətləri əsasında həmin əraziyə gəlmişdi. Qida Agentliyinin Qurban adlı əməkdaşı “Zirə toyuqları” müəssisəsinin qapısından içəri daxil olsa da, şikayətçi vətəndaşlar bu adamın həmin müəssisədən çıxışının şahidi olmayıblar. Hansı gücdürsə, ora girən bir daha çıxmır, hətta dövət qurumlarının əməkdaşlarını da “kar, lal, kor” edir. Yəqin müəssisəsin “arxa qapısı” var və bu qurumların əməkdaşlarının da başını tumarlayıb arxa qapıdan yola salıblar.

Nəzər alsaq ki, DQA-nin sədri Qoşqar Təhməzlinin özü də biznesmendir, o zaman bizim narahatlığımız daha da artmış olur. Amma bizi rahat edən məqamlar da var. Məsələn, bir biznesmen uşaqlarının sağlamlığını təhlükəyə ataraq, insanların evlərində didərgin düşməsinə səbəb olaraq bu pulu necə qazana bilir? Tutaq ki, Q.Təhməzli bu ekoloji terrora bir biznesmen kimi göz yumur, bəs dövlət qurumunun rəhbəri kimi nə düşünür?

Amma bizim redaksiya olaraq həm Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə, həm də Dövlət Qida Agentliyinin sədri Qoşqar Təhməzliyə sualımız var?

1.     Cənablar! Sizin üçün bu torpaqlarda 100 min toyuğun yaşaması daha önəmlidir, yoxsa onlarla ailənin?

2.     Cənablar! Toyuqların xətrinə dəyməyib üfunət iyini ventilyasiya ilə insanların evinə vuran (toyuqlar ölər deyə) adamlar üçün 10 manata satılan bu toyuqlar daha dəyərlidir, bəs sizin üçün?

3.     Cənablar, ucqar rayonlarda meşələrin qarət olunmasına, bazarlarda at-eşşək ətinin satılmasına göz yummağın səbəblərini də soruşmuram, başqa bir şey soruşuram, məsələn: sizin əməkdaşlarınız nəyə görə bu müəssisənin qapısından içəri girəndən sonra yoxa çıxırlar? Və sonra da vətəndaşlara təminən bu məzmunda məktub gəlir ki, “orda hər şey qaydasındadır”. Həqiqətənmi, qaydasındadır?

VACİB QEYD: Bu toyuq fermasının sahibi “Xəzər Dəniz Gəmiçiliyi”nin sabiq sədr müavini Mübariz Mədətov olub. O, dünyasını dəyişəndən sonra hazırda işlərə oğlu nəzarət edir. İndi bu yeri Anar adlı Zirə kənd sakininə icarəyə veriblər. Onlar da burada toyuq ferması açıblar. M.Mədətovun oğlu Xalidin bundan əvvəl də müxtəlif qalmaqalalrla gündəmə gəlib. X.Mədətov 4 il əvvəl sərxoş vəziyyətdə “Galendawagen” markalı avtomobillə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsini vurub öldürmüşdü. Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasının 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb. Bu hadisədən sonra atası M.Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.

İndi ETSN və DQA-dan bildirirlər ki, İqtisadiyyat Nazirliyi icazə versə, həmin müəssisədə geniş yoxlamalara başlayarıq. Bunu əsas tutaraq vətəndaşlar da İqtisadiyyat Nazirliyinə məktub ünvanlayıblar. Ümid edirik ki, İqtisadiyyat Nazirliyi vətəndaşları, ekologiyamızı bu bəladan xilas edəcək!

Samir, Azinforum.az

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …