Cümə , 17 May 2024
Drone Cameras

“Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi münasibətilə “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda keçirilən müsabiqənin mükafatlandırma mərasimi olub.

Boyukmillet.com-un Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək, 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Vasif Talıbovun rəhbərliyi ilə qısa zamanda Naxçıvanda ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqətin bariz nümunəsinin yaradıldığını vurğulayıb. O bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikası 95 illik tarixi inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Ali Məclis Sədrinin rəhbərliyi ilə son illərdə muxtar respublikada bütün sahələrdə inkişafın əsası qoyulub, Naxçıvan kompleks və davamlı inkişaf mərhələsinə yüksəlib. İnkişafın Naxçıvan şəhərindən tutmuş muxtar respublikanın ən ucqar yaşayış məntəqələrinə qədər olan təzahürü hər bir yaradıcı insanın fəaliyyətində öz əksini tapıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilib. Bu münasibətlə bir sıra silsilə tədbirlər keçirilib ki, bu tədbirlərdən biri də “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsidir.

Muxtar respublikada yaradıcı təşkilatların fəaliyyətləri üçün də geniş imkanların yaradıldığını vurğulayan Ülvi Hüseynli diqqətə çatdırıb ki, yaradıcı insanların müasir iş şəraiti ilə təmin olunması, əməklərinə yüksək qiymətin verilməsi, onların ölkəmizin, eləcə də muxtar respublikanın fəxri adları, yüksək dövlət mükafatları ilə təltif olunması bir daha bunu təsdiq edir. Muxtar respublikada yaradıcı insanlar sabitliyi, inkişafı, quruculuğu tərənnüm edirlər. Bu gün keçirilən müsabiqənin də əhəmiyyəti məhz bundan ibarətdir. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin diqqət və qayğısı ilə həyata keçirilən tədbirlər Naxçıvanın inkişafının, quruculuğunun, sabitliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər yaradıcı insanlar üçün geniş mövzu seçimidir.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında qeyd edib ki, fond 2019-cu il ərzində də gənclərin müxtəlif layihələrinin həyata keçirilməsini dəstəkləyib, həmin layihələrdə onların intellektual inkişafı, asudə vaxtlarının səmərəli təşkil olunması və müxtəlif layihələrdə birgə iştirakları ön plana çəkilib. Muxtar respublikada ədəbi prosesin və bədii yaradıcılıq işinin gücləndirilməsi, bədii tərcümənin inkişaf etdirilməsi və bu sahədə istedadlı gənclərin müəyyən olunması məqsədilə II Muxtar respublika tərcümə müsabiqəsi, “Naxçıvanı tanıyaq” devizi altında gənclərin muzeylərə ekskursiyası, gənclər arasında müxtəlif intellektual oyunlar, kitab müzakirələri, “İnteqrasiya” inteqrativ-intellektual oyunu üzrə “Muxtariyyət kuboku”, “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” adlı beynəlxalq tədbir, “Naxçıvan marafonu”, “Novruz qatarı”, “Nəsimi həftəsi”, “Gənclik səhnəsi” və intellektual oyunlar üzrə çoxnövçülük turnirləri keçirilib.

Bildirilib ki, fond tərəfindən “Naxçıvan Muxtar Respublikası – 95” devizi ilə silsilə tədbirlər də reallaşdırılıb. Bu tədbirlər sırasında “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinin xüsusi yeri var. Müsabiqəyə 42 qəzet məqaləsi, 71 teleradio materialı, 2 ədəbi yaradıcılıq nümunəsi, 7 rəsm əsəri, 2 memarlıq işi, 6 sayt məqaləsi təqdim olunub.

Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Xanım Rüstəmzadə deyib ki, biz gənc nəslin nümayəndələri təkcə muxtar respublikanın deyil, ölkəmizin ictimai-siyasi, mədəni həyatında öz fəallığımızla seçilməyə çalışırıq. Ölkəmizdə hər bir gəncə inam və etimad göstərilir. Ən ali tribunalarda, müxtəlif beynəlxalq qurumlarda, siyasi və iqtisadi arenalarda gənclərimiz Azərbaycanı layiqincə təmsil edirlər. Bu imkanlar isə, ilk növbədə, Naxçıvanın bugünkü və gələcək inkişafında yaxından iştirak etməyə, vətənpərvər ruhda formalaşmağa, intellektual və yaradıcılıq potensialımızı ortaya qoymağa geniş imkanlar açır. Xanım Rüstəmzadə yaradılan şəraitə görə gənclər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra müsabiqənin qalibləri elan olunub.

“Şərq qapısı” qəzetinin baş redaktor müavini, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədova ilə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin baş rejissoru Fərhad Zamanbəyovun birgə hazırladıqları, Azərbaycan, ingilis və rus dillərində təqdim olunan “Azərbaycanın ürəyidir Naxçıvan” filmi birinci, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Xanım Rüstəmzadə, “Şərq qapısı” qəzetinin müxbiri Gülcamal İbrahimova ikinci, şair Elxan Məmmədov, “Nuhçıxan” İnformasiya Agentliyinin əməkdaşı Anar Tağıyev və memar İsmayıl İsmayıllı üçüncü, “Şərqin səhəri” qəzetinin redaktoru Muxtar Rzazadə, “Naxçıvanın səsi” radiosunun əməkdaşı Səriyyə Alməmmədova, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Türkanə Ağayeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov həvəsləndirici yerlərə layiq görülüblər. Qaliblərə Gənclər Fondunun diplomları və pul mükafatları təqdim olunub.

Qaliblər adından çıxış edən Mətanət Məmmədova, Fərhad Zamanbəyov və Elxan Yurdoğlu verilən qiymətə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri musiqi nömrələri təqdim edib.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …