Hikmət Hacıyev Rasmussenə hansı bədnam əməllərini xatırladır?
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib.
Prezidentin köməkçisi sosial şəbəkədə qeyd edib: “NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin və onun ətrafının Ermənistan hökuməti və erməni lobbisi tərəfindən sifariş edilmiş və ödənişli qondarma hesabat və ya “möhürlü” təbliğat materialı mənə 04 sentyabr 2023-cü il tarixli Ermənistan Respublikasının ödəniş sənədinin də paylaşıldığı yer haqqında postumu yenidən dərc etməyimi xatırlatdı. Anders Foq Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub. Pullar danışır!”
Hikmət Hacıyev Rasmussenə hansı bədnam əməllərini xatırladır?
Murad Sadəddinov
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Avropada müxtəlif beynəlxalq qurumlarda yüksək postlarda işləmiş bir sıra şəxslər vəzifədən gedəndən sonra vəzifədə olduqları zaman qazandıqları məşhurluqdan, statusdan pul qazanmaq üçün sui-istifadə edirlər. NATO-nun keçmiş baş katibi Rasmussen da belələrindəndir. Rasmussen NATO baş katibi çalışan zaman həmin vəzifə hesabına əldə elədiyi əlaqələri, statusu şəxsi maliyyə imkanlarını artırmaq üçün çirkin formada istifadə edir: “Bu cür adamlar lobbi şirkəti açaraq müxtəlif dövlətlərin, siyasi qüvvələrin maraqları üçün maliyyə qarşılığında fəaliyyət göstərirlər. Ermənistan və erməni diasporu Rasmussen kimi lobbi dəllalarının pula hərisliyini bildiyindən onlardan yararlanırlar. NATO-nun keçmiş baş katibinin gəlir deklarasiyasına əsasən, onun müştəriləri arasında Avropa İttifaqının Yaponiya və Tayvandakı missiyaları, “Equinor”, “Viasat” və s. kimi Ermənistan da var.
Bu da sübut edir ki, Rasmussenin Ermənistana ötənilki səfəri və Laçınla sərhədə gəlməsi də məhz ermənilərin pulunun hesabına idi. Rasmussenin Ermənistan hökumətindən maliyyə aldığı bəllidir. Bunu ermənilər özləri də etiraf ediblər. Məsələn, ABŞ-da yaşayan erməni fəal Alison Taxmizyan özünün “X” səhifəsində Ermənistan hökumətinin NATO-nun keçmiş baş katibinə bu ölkəyə səfəri üçün pul ödədiyini açıqlamışdı”.
M.Sadəddinov vurğuladı ki, Rasmussen kimi şəxslər pul əldə etmək üçün nəinki vəzifədə olduqları zaman qazandıqları nüfuzu xərcləməyə, hətta mənəviyyatlarını satmağa hazırdırlar. Bunu öz çirkin fəaliyyətlərində sübut edirlər: “Avropada bu cür iyrənc fəaliyyətlə məşğul olan siyasətçilər, parlamentarilər çoxdur. Erməni diasporunun maliyyəsindən pay qoparmaq üçün canfəşanlıq edirlər. Rasmussen də belələrindəndir. Odur ki, Hikmət Hacıyev həmin fikirləri faktlara əsaslanıb yazıb. Azərbaycan tərəfi faktsız danışmır. Anders Rasmussenin rəhbərlik etdiyi lobbi şirkəti Ermənistan dövlətindən maliyyə alıb. Özü də bu vəsait külli miqdarda olub. NATO baş katibi olmuş şəxs özünü erməni pulunun əsirinə çevirib”.
Qeyd edək ki, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi, keçmiş baş nazirlər, parlamentarilər və diplomatların daxil olduğu “Ermənistanın Dostları Şəbəkəsi” yüksək səviyyəli qrup hesabat hazırlayıb. Sənəd Ermənistanla Avropa İttifaqı arasında münasibətlər, onların daha da gücləndirilməsinin zəruriliyi, Ermənistanın bu ittifaqa üzvlüyü məsələlərinə həsr olunub. Bundan başqa, hesabatda Cənubi Qafqazdakı vəziyyət və Ermənistana qarşı “təhdidlərin” olduğu araşdırılır, Ermənistana guya Azərbaycandan təhlükə olduğu və bu təhlükənin qarşısının alınması üçün Avropa İttifaqı tərəfindən addımların atılmasının vacibliyi bildirilir. Hesabat müəllifləri Ermənistana qarşı mövcud problemləri və təhdidləri nəzərə alaraq, Avropa İttifaqının atmalı olduğu addımlarla bağlı təkliflər irəli sürüb. Sənəddə Ermənistan Respublikasına əhəmiyyətli dəstək verməyin və cəsarətli addımlar atmağın vaxtının çatdığı qeyd edilir. Hesabatda deyilir ki, Aİ keçmişdə təşkilat vasitəçilik rolunu saxlamaq istədiyi üçün Ermənistanla təhlükəsizlik məsələsində əməkdaşlıq etməkdən çəkinirdi. “Lakin Azərbaycanın Ermənistanla bağlı siyasəti göstərdi ki, Bakı problemlərin danışıqlar yolu ilə həllində o qədər də maraqlı deyil.
Əksinə, “Dağlıq Qarabağ”a hücum onun yenidən hərbi varianta müraciət edə biləcəyi ilə bağlı fərziyyələri gücləndirdi. Ona görə də Aİ vasitəçilik əvəzinə regionda iştirakını yenidən diqqət mərkəzində saxlamalı və ermənilərin müqavimətini gücləndirməli və yeni müharibənin qarşısını almalıdır. Məhz buna görə də Avropa İttifaqı ilə Ermənistan arasında həm qısa, həm də uzunmüddətli perspektivdə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə ehtiyac var”. Müəlliflər Aİ-nin Ermənistana münasibətlərin genişləndirilməsi üçün mərhələli, lakin dəqiq yol xəritəsi təklif etməli olduğunu yazıb. Bura Ermənistana Aİ-yə namizəd statusunun verilməsi daxildir.
Qeyd edilir ki, bu təklif real, əsaslı dəstəklə müşayiət olunmalıdır. Ermənistanın özünü guya olduqca qeyri-sabit təhlükəsizlik mühitində gördüyü bildirilir. Azərbaycanın Ermənistana təhlükə yaratmaqda davam etdiyi və hücuma hazırlaşdığı vurğulanır.
Hesabata görə, 2021 və 2022-ci illərdə Azərbaycan tərəfindən Ermənistanın suveren ərazisinin təxminən 200 kvadrat kilometrinin “işğal” edildiyi göstərilir. Sənəddə həmçinin “işğal”ın Ermənistanın suverenliyinə birbaşa təhlükə yaratdığı bildirilir.
Qeyd olunur ki, Azərbaycan Ermənistan ərazisindən quru dəhlizinin yaradılması tələbini davam etdirir və buna nail olmasa, Ermənistanın Zəngəzur vilayətini “işğal” etmək üçün hərbi gücdən istifadə edəcək. Hesabat müəllifləri vurğulayır ki, Ermənistanla sərhədləri açmaqdan imtina edən və ona təzyiq göstərən Türkiyə də bu prosesdə iştirak edə bilər. Çünki o, Azərbaycanla sıx əlaqələri davam etdirir.
Göründüyü kimi, sözügedən hesabat Azərbaycana və Türkiyəyə qarşı qərəzli olmaqla yanaşı, eyni zamanda Ermənistanın siyasi ritorikasını özündə əks etdirir. Ancaq bu “sənəd”in daha çox Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan erməni radikal millətçi qüvvələrinin və Avropadakı bir sıra dairələrin siyasi direktivləri əsasında hazırlandığı müşahidə olunur.
Söhbət erməni diasporu, erməni lobbisi və Avropada Ermənistana havadarlıq edən ölkələrdən gedir.
Ancaq həm Anders Foq Rasmussenin, həm də onun rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi”nin Azərbaycana qarşı qərəzli münasibəti ilk dəfə baş vermir. Yəni bu qurum Azərbaycanda hər kəsə yaxşı tanışdır.
“Anders Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq, şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə edir”. Bu fikirlər isə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatında yer alan iddialara dair şərhində əksini tapıb.
“Açıq mənbələrdən əldə edilən maliyyə sənədləri sübut edir ki, Anders Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq, şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə davam edir. Ermənistan hökuməti onun müştərisi kimi, “çox düşünülmədən təsdiqlənmiş” bu hesabata görə yüz minlərlə ABŞ dolları xərcləyib”, – məlumatda qeyd edilib.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”