Dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarəti tam sadələşdirilib. boyukmillet.com xəbər verir ki, sərnişinlərin rahatlığının və mənzil başına daha tez çatmalarının təmin edilməsi məqsədilə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində gömrük nəzarəti zonası yaradılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Avtovağzal Kompleksində müasir rentgen-nəzarət qurğusu quraşdırılıb və gömrük əməkdaşlarının fəaliyyəti təmin olunub. Sadələşdirilmiş gömrük nəzarəti qaydaları əsasında Naxçıvandan Bakıya hərəkət edən sərnişin avtobusu bu gün səhər saatlarında ilk dəfə olaraq Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində gömrük yoxlamasından keçirilib. Sərnişinlərə məxsus əl yükləri müvafiq birkalarla təmin edildikdən sonra avtobusun yük yerinə yığılıb və nəqliyyat vasitəsi gömrük təminatı altında yola salınıb.
Məlumdur ki, bu vaxta qədər Bakı-Naxçıvan-Bakı avtobus marşrutundan istifadə edənlər müəyyən çətinliklərlə üzləşirdilər. Sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçirilir, əl yükləri dəfələrlə yoxlanılırdı. Sərnişinlər gömrükləri keçərkən baqajlarını özləriylə bərabər daşımalı olurdular. Bu da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün yorucu və narahat vəziyyət yaradırdı. Bundan sonra Naxçıvandan Bakıya gedən avtobuslara gömrük nəzarəti avtovağzal kompleksində həyata keçiriləcək. Avtobusla Bakıya getmək istəyən Ordubad və Culfa rayon sakinlərinin isə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksinə gəlmələrinə ehtiyac yoxdur, onların əl yükləri Culfa Gömrük Postunda gömrük nəzarətinə cəlb olunacaqdır.
Qeyd edək ki, Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında bütün sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri gömrük münasibətlərinin də inkişafında özünü göstərir. İndi Azərbaycan tərəfdə gömrük nəzarətindən keçirilən avtobuslar İran ərazisində əlavə gömrük yoxlamasına cəlb edilmir. Beləliklə, avtobusların gömrük postlarından sürətli keçidi təmin olunur. Bu vaxta qədər İran İslam Respublikası üzərindən Naxçıvandan Bakıya hərəkət edən sərnişin avtobusları 12 saat yolda olurdularsa, indi bu müddət 8 saat təşkil edir.
Onu da vurğulamaq yerinə düşər ki, təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətinə düşən Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas ərazi vahidi ilə nəqliyyat əlaqəsi İran üzərindən olduğundan dövlətimiz tərəfindən müntəzəm avtobus reyslərinin fəaliyyətinin təmin olunmasına daim diqqət göstərilib. Culfa və Biləsuvar gömrük postlarının iş vaxtı 24 saata çatdırılıb, gecə vaxtı da Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə avtobus reyslərinin həyata keçirilməsi təmin olunub. Avtobuslardakı əl yüklərinin sərhəd keçid məntəqələrində yoxlanma prosedurlarında edilən dəyişiklik və sadələşdirmə sərnişinlərin rahatlığının təmin olunmasına, gediş-gəlişin artmasına şərait yaradıb. Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində gömrük nəzarəti zonasının yaradılması əhali tərəfindən razılıqla qarşılanıb.
Avtobus sürücüləri və vətəndaşlar yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq ediblər.