Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvanda Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2020-ci ilin iyun ayının ikinci yarısında bir sıra qərarlar qəbul edib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edilib. Adıçəkilən Qərar təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili və həyata keçirilməsi qaydasını müəyyən edir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində peşəyönümü xidməti təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə onların maraqlarını, bacarıqlarını, qabiliyyətlərini və şəxsi keyfiyyətlərini gələcək peşə bacarıqlarının öyrənilməsinə, düzgün ixtisasseçiminin edilməsinə, əmək fəaliyyətinə dair tələb olunan biliklərin formalaşmasına, karyera planlaşdırılmasına və ömürboyu təhsil imkanlarının araşdırılmasına yönəldilmiş tədbirlərdir.

Nazirlər Kabinetinin 19 iyun tarixli 110 nömrəli Qərarına uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edilib. Bu Qayda Naxçıvan Muxtar Respubli kasının dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisastəhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.

Eyni zamanda Nazirlər Kabinetinin 117 nömrəli 25 iyun tarixli “Fərdi yaşayış evlərinin qazlaşdırılması və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında Qərar qəbul olunmuşdur. Bu Qərara əsasən qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı və qaz sayğacınadək istifadə olunan mal-materiallar, həmçinin qazın istehlakçıya çatdırılması üçün 1 (bir) məntəqəyə qədər çəkilən xərclər qazpaylayıcısının vəsaiti hesabına (digər xərclər də daxil olmaqla) quraşdırılır və dəyişdirilir. Elektrik qurğularının istifadəsi üçün isə elektrik sayğacı və elektrik sayğacınadək istifadə olunan mal-materiallar məişət abonentlərinin tələb olunan gücü 5 kVta qədər olduqda bütün xərclər daxil olmaqla, enerji təchizatı müəssisəsinin vəsaiti hesabına quraşdırılır və dəyişdirilir. Abonentin müraciətinə əsasən tələb olunan gücü 5 kVtdan yuxarı olan enerji təchizatı şəbəkəsinə qoşulmasına çəkilən xərclər istehlakçının vəsaiti hesabına ödənilir. İstehlakçıların elektrik sayğaclarının üzərində olan plombları kənar müdaxilələrdən qorumaq üçün enerji təchizatı müəssisəsi tərəfindən sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olan elektrik qutusu ilə təmin edilməlidir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 sentyabr tarixli 131 nömrəli Qərarı ilə təsdiq edilmiş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”nda da dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən sertifikatlaşdırma işi Turizm Departamentinə həvalə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 119 nömrəli Qərarına əsasən “Naxçıvan Muxtar Respublikasında dövlət ictimai və ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qaydaya əsasən ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayısilə mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.

“Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar” təsdiq edilmişdir. Bu qaydalara əsasən sərnişinlər uçuşdan əvvəl 48 saat ərzində koronavirus testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Ölkədaxili uçuşlarda Azərbaycan Respublikasının vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır. Hava limanında tibbi yoxlamanın operativ təşkili üçün Naxçıvan Muxtar Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcılar pasport məlumatlarının və koronavirus müayinəsinə dair testin neqativ nəticələri göstərilməklə, reysdəkisərnişinlər barədə məlumatı (siyahını) belə yoxlamanı aparan quruma vaxtında ötürülməsi məqsədilə hava limanında təyin edilmiş yerüstü xidmətlər göstərən operatora xüsusi qaydada əvvəlcədən ötürmələri və digər məsələlər öz əksini tapmışdır.

30 iyun 2020-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının ərazisində hava damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2 iyun 2020-ci il tarixli 97 nömrəli Qərarında dəyişikliklər edilmişdir. Dəyişikliklərə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmişşəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir. Aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında da dəyişikliklər edilmişdir. Dəyişikliyə müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 22 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar Babək şəhəri, Nehrəm və Cəhri qəsəbələri ərazilərində olan Səhiyyə və Mədəniyyət nazirliklərinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişikliklər edilmişdir.

Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …