Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Naxçıvanda Qars müqaviləsinin 100 illiyi qeyd olunacaq – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də Qars müqaviləsinin 100  illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Boyukmillet.com NUHÇIXAN İnformasiya Agentliyinə istinadən bildirir ki, sərəncamda deyilir:

“2021-ci ildə mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin imzalanmasının 100 illiyi tamam olur.

1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunvericilik orqanlarında təsdiq edilmiş və həmin ilin sentyabrın 11-dən qüvvəyə minmişdir. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, Türkiyə dövlətinin məsələyə ədalətli yanaşması nəticəsində bu müqavilə Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit etmişdir.  20 maddə və 3 əlavədən ibarət olmaqla müddətsiz imzalanan müqavilənin   5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddəyə əsasən tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəlmişlər.

Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü ilin iyununda Naxçıvan diyarı, 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiy­yətini daim yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”.

Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qars müqaviləsinin 100 illiyi Naxçıvan Muxtar Respublikasında qeyd edilsin.

2. “Qars müqaviləsinin 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin”.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …