Boyukmillet.com xəbər verir ki, noyabrın 5-də – Zəfər Günü ərəfəsində 8 şəhid ailəsinə və 1 qaziyə mənzil, sağlamlıqları məhdudlaşan 13 şəxsə isə avtomobil təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 8 noyabrın Azərbaycanda Zəfər Günü olduğunu qeyd edib, əlamətdar gün ərəfəsində şəhidlərin əziz xatirəsinə ehtiramını bildirib.
Ali Məclisin Sədri deyib: 2020-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Azərbaycan işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə Vətən müharibəsinə başlayıb və tarixi Qələbə qazanıb. Şanlı qələbəmiz ulu öndər Heydər Əliyevin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində mümkün olub. Belə bir fikir vardır ki, döyüş meydanında qələbənin qazanılması üçün hərbi və iqtisadi güclə bərabər, Vətən sevgisi və milli birlik də vacibdir. Vətən müharibəsi Azərbaycanda lider-xalq-dövlət birliyinin daha bir ifadəsi oldu.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir”. İkinci Qarabağ müharibəsində Azərbaycan dövlətinin ən böyük gücü də iqtisadi və hərbi qüdrəti ilə yanaşı, həm də malik olduğu vətənpərvər insanları oldu. İgid oğullarımız əsl vətənpərvərlik nümunəsi göstərərək xalqımıza böyük Zəfər qazandırdılar. Bütövlükdə Vətən müharibəsi Azərbaycan tarixinin Zəfər salnaməsinə çevrildi. Bu salnamə gələcək nəsillər üçün vətənpərvərlik, milli birlik və həmrəylik nümunəsidir.
“Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şəhid adı uca tutulur, şəhid ailələrinə və sağlamlığını itirmiş müharibə iştirakçılarına mənzillər və avtomobillər təqdim edilir. Zəfər Günü ərəfəsində Naxçıvanda şəhid ailələrinə və qazilərə yeni mənzillərin və avtomobillərin təqdim olunması da bu tədbirlərin davamıdır”,- deyən Ali Məclisin Sədri çıxışını ölkə Prezidentinin fikirləri ilə tamamlayıb: “Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi… İndi isə bizim üçün yeni dövr başlayır – quruculuq dövrü… Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək”.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.
Şəhid atası Hümbət Rzayev və qazilər dövlətin onlar üçün yaratdığı şəraitə və göstərilən qayğıya görə minnətdarlıq ediblər.
Mənzillə təmin olunan Aygül İbrahimova deyib: “Həyat yoldaşım şəhid çavuş Ruzi İbrahimov 2018-ci ildə keçirilən Günnüt əməliyyatının iştirakçısı olub, İkinci Qarabağ müharibəsində isə Vətənə olan borcunu layiqincə yerinə yetirərək şəhidlik zirvəsinə yüksəlib. Ölkəmizdə şəhid adı daim uca tutulur, onların ailə üzvlərinə diqqət və qayğı göstərilir. Bütün bunlara görə minnətdarlıq edirik”.
Tədbir çay süfrəsi arxasında davam edib.
Sonda xatirə şəkli çəkdirilib.
Şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Sədərək rayonunun Heydərabad, Kəngərli rayonunun Qıvraq qəsəbələrində, Şərur, Babək və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi kommunal şərait yaradılıb.