Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvanda “Zərifə Əliyeva – 100” mövzusunda konfrans keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə konfrans keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutub.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini Samiq Sadıxov bildirib ki, 2023-cü il Azərbaycanda iki unudulmaz insanın – müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə əlamətdardır. Prezident İlham Əliyevin bu münasibətlə imzaladığı sərəncamında da vurğulandığı kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib.

Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülüb. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapıb.

S.Sadıxov qeyd edib ki, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 100 illik yubileyi çərçivəsində muxtar respublikanın bütün tibb müəssisələrində tibbi aksiyalar, humanitar tibbi xidmətlər və müxtəlif tədbirlər təşkil olunur.

Tədbirdə Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov, Göz xəstəlikləri şöbəsinin müdiri Kamilə Orucəliyeva, Göz xəstəlikləri şöbəsinin bölmə müdiri, cərrah-oftalmoloq Kəmalə Əliyeva və digər çıxış edənlər akademik Zərifə xanım Əliyevanın həyatı və tibb elminə bəxş etdiyi əvəzsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Zərifə Əliyeva peşə xəstəliklərini öyrənərkən tibbi-geoloji faktorlarla yanaşı, ictimai amillərin də nəzərə alınmasını diqqət mərkəzinə çəkib, bu istiqamətdə təhlillər və müqayisələr aparıb. Beləliklə, akademik Zərifə Əliyeva cəmiyyətşünas alim, həkim kimi yeni bir nümunə ortaya qoyub.

Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini özündə əks etdirən videoçarx izlənilib.

Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının qarşısında görkəmli alimin xatirəsinə həsr edilmiş fləşmob təşkil edilib. İştirakçılar fləşmobda Zərifə xanım Əliyevanın 100 illik yubileyini və oftalmoloq-alim kimi fəaliyyətini əks etdirən “100” və “Göz” kompozisiyasını nümayiş etdiriblər.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …