“Əminik ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində ekoloji bərpa işlərinin həyata keçirilməsi son nəticədə bu ərazilərdə təbiətin dirçəldilməsinə gətirib çıxaracaqdır”.
Boyukmillet.com xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”na həsr olunmuş Konfransda “Böyük Qayıdışın ekoloji aspektləri” mövzusunda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
“Dekabr ayının əvvəlindən başlayaraq, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingenti ilə onların müvəqqəti yerləşdirildiyi ərazilərimizdə təbii ehtiyatların qanunsuz istismarının dayandırılması, monitorinq və inventarlaşmanın aparılması, ətraf mühitə zərər və risklərin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edir. Sözsüz ki, bu vəziyyət cəmiyyətimiz tərəfindən normal qarşılana bilməz. Biz ictimaiyyətin narahatlığını başa düşürük.” – nazir əlavə edib.
M.Babayev çıxışında bildirib ki, işğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb.
Ekoloji terrora son qoyulması üçün ictimaiyyət nümayəndələrinin fəaliyyətini vurğulayan nazir bunları əlavə edib:
“Şaxtalı havaya baxmayaraq vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloji fəallar Laçın-Şuşa yolunda etiraz aksiyası keçirirlər. Aksiyanın məqsədi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarının dayandırılmasıdır”.