“Azərbaycanla BMT arasında qurulmuş möhkəm əməkdaşlığın əsasında Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq hədəfi durur”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib.
“Biz BMT ilə birlikdə bütün regionun potensialını inkişaf etdirmək istəyirik”, – nazir müavini bildirib.
Onun sözlərinə görə, “Böyük Qayıdış” proqramı Azərbaycan üçün prioritet əhəmiyyət kəsb edir. Belə ki, bu proqram çərçivəsində 2026-cı ilin sonuna kimi 35 min ailənin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə köçürülməsi planlaşdırılır.
Mina təhlükəsi probleminə də toxunan Elnur Məmmədov Ermənistanın ərazilərin minalardan təmizlənməsi işində əməkdaşlıq etmək istəmədiyini, onların təqdim etdiyi mina xəritələrinin etibarlılıq səviyyəsinin cəmi 25 faiz olmasının bunu bir daha sübut etdiyini vurğulayıb.
“Ən əsası, Ermənistan Azərbaycan ərazilərinin minalanmasını dayandırmalıdır”, – nazir müavini vurğulayıb.