“Neftçi” ilə oyunda bakılıların çox yaxşı güc nümayiş etdirdiklərini hiss etdik”.
Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın “Vaşaş” klubunun futbolçusu David Zimonyi Türkiyədəki təlim-məşq toplanışında “Neftçi” ilə keçirdikləri yoxlama görüşü ilə bağlı danışarkən deyib.
Heç-heçə (1:1) nəticələnən görüşdə komandasının yeganə qolunun müəllifi olan 26 yaşlı macarıstanlı hücumçu qələbəyə layiq çıxış etdiklərini düşünür: “Bu bizim ilk sınaq matçımız idi. Məncə, birinci oyuna görə kifayət qədər yaxşı idik. Bərabərlik qolunu vurduğum üçün çox sevincliyəm. Cinahdan ötürmə alarkən topu qəbul edər-etməz onu uzaq küncə göndərdim. Hesab edirəm ki, sərgilənən oyuna əsasən qələbə qazana bilərdik”.
Qeyd edək ki, “Vaşaş” Antalyada növbəti yoxlama görüşünü yanvarın 14-də “Novi Pazar”a (Serbiya) qarşı keçirəcək. “Neftçi” isə ertəsi gün iki sınaq matçına çıxacaq. Laurentsiu Regekampfın yetirmələri “Medz Leqnisa” (Polşa) və “Baçka Topola” (Serbiya) ilə qarşılaşacaqlar.