Müharibəni minimal ərazi itkisi ilə dayandırmaq imkanımız yox idi.
Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan parlamentində dünənki çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, müharibənin minimal ərazi itkiləri ilə dayandırılacağı ilə bağlı söhbətlərin mif olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycanla üç dəfə atəşkəs əldə olunmasına cəhd edilsə də, bu, heç bir nəticə verməyib.
Paşinyan çıxışı zamanı Qarabağla bağlı danışıqlarda heç vaxt Şuşaya azərbaycanlıların geri qayıtmaması ilə bağlı məsələnin müzakirə edilmədiyini bildirib:
“Diqqətinizi ona yönəltmək istəyirəm ki, Şuşa əhalisinin 90%-dən çoxunu azərbaycanlılar təşkil edib. Yəni 90% əhalisi azərbaycanlı olan Şuşa şəhəri erməni şəhəri olaraq qala bilərdimi?”
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bundan öncəki çıxışlarında Qarabağda müharibəni daha az itkilərlə başa vurmağın mümkün olduğuna dair iddialar səsləndirib.