İyulun 10-dan sonra Azərbaycanda növbədənkənar parlament seçkilərinin elan ediləcəyi gözlənilir.
Konkret.az saytının yazdığına görə, bu barədə redaksiyaya etibarlı mənbədən məlumat verilib.
Sayt yazır ki, artıq bir sıra ictimai birliklərə, xüsusilə Bakı Kəndlər Birliyinə bununla bağlı təlimat daxil olub.
Xatırladaq ki, 2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla Konsitusiyaya dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, ölkə başçısına növbədənkənar seçki təyin etmək səlahiyyəti verilib. Prezident İlham Əliyev artıq həmin səlahiyyətləri çərçivəsində növbədənkənar prezident seçkiləri elan edib. Mənbənin vurğuladığına görə, parlamentin bu gün dövlət quruculuğunda ikinci hakimiyyət qolu kimi üzərinə vacib missiya düşdüyündən yuxarılarda hesab edirlər ki, belə seçkilərin keçirilməsi vacibdir. Ali icra hakimiyyəti orqanının formalaşması prosesinin davamı kimi, digər hakimiyyət qollarına da ictimai etimadı müəyyənləşdirmək üçün yeni seçkilərin təyin edilməsinə zərurət yaranıb.
boyukmillet.com xatırladır ki, növbədənkənar parlament seçkilərinin təyin ediləcəyi ilə bağlı ilk xəbər hələ ilin əvvəlində yayılıb. O zaman bu qərarın aprel ayında veriləcəyi gözlənilirdi. İndi isə iyul ayının 10-dan sonra belə bir yeniliyin baş verəcəyi bildirilir.
Görək, bu dəfə Konkret.az-ın xəbəri daha konkret olacaqmı?