Bazar , 1 Dekabr 2024
Drone Cameras

“Nuru Paşa gəlməsəydi, Bakıda bir müsəlman, bir türk qalmayacaqdı”

Sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Moderator.az-a açıqlamasında 31 Mart soyqırımı və bu soyqırımının mahiyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib. 

Ermənilərin 1918-ci ilin martından öncə də xalqımıza qarşı soyqırım siyasəti həyata keçirdiyinə diqqət çəkən xalq şairi, bununla bağlı çoxlu sayda inkaredilməz faktların mövcud olduğunu bildirib:
“Ermənilərin qırğın siyasəti ölkəmizdə qarşı çar və bolşevik Rusiyasının dəstəyi ilə on illər ərzində davam edib. Doğrudur, bunların hamısına soyqırım demək olmaz. Lakin həm 1905-1906, həm də 1918-ci ilin martında xalqımıza qarşı əsl soyqırım həyata keçirilib. 1918-ci ildə yalnız ölkə paytaxtında deyil, Qubada, Şamaxıda, respublikamızın bir çox bölgələrində kütləvi qətliyamlar həyata keçirildi. Əgər Nuru Paşa komandanlığında türk-islam ordusu gəlməsəydi, Bakıda bir müsəlman, bir türk qalmayacaqdı. Çünki bu soyqırımı həyata keçirənlər qarşılarına məhz belə bir niyyət qoymuşdular. Odur ki, 31 Mart gününün soyqırım günü kimi qeyd olunması şərtidir. Çünki bizə qarşı müxtəlif illərdə bu cür soyqırımlar, qırğınlar həyata keçirilib. Azərbaycan müstəqillik qazanandan sonra şərti olaraq 31 Mart tarixini soyqırım günü kimi qəbul etmişik.Xocalı soyqırımındna təxminən bir ay sonra biz Mart soyqırımını qeyd edirik.

1918-ci il soyqırımının araşdırılması məsələsinə hələ Azərbaycan Xalq Cümhuriyyəti dönəmində başlanılıb. O zaman Azərbaycanı məsələyə birtərəfli yanaşmaqda ittiham etməsinlər deyə, araşdırmaya müxtəlif millətlərin nümayəndələri cəlb olunmuşdu. Ruslar, yəhudilər, gürcülər və digər xalqların nümayəndələri bu araşdırmada iştirak edirdi. Avropa dövlətlərindən də bununla maraqlananlar var idi. Məsələ ilə bağlı bir sıra ciddi sənədlər hazırlanmışdı. Milli hökumət bununla bağlı beynəlxalq miqyasda məsələ qaldırmaq niyyətində idi. Əllərindəki bütün imkanlardan bu soyqırımın araşdırılmasında istifadə etdilər. Mən bu araşdırmaları yetərincə sanballı bir iş hesab edirəm. Bu iş sonrakı illərdə unuduldu. O sənədləri məhv etməyə çalışdılar. Lakin bu sənədlər qorunub qalıb. Müəyyən hissəsi çap olunub. Şamaxı, Bakı, Quba qırğınları haqqında fundamental kitablar yazılıb. Bütün mümkün sənədlər orada toplanıb. Millət bu tarixi unutmayıb. Bu gün Qubada qoyulan abidə, Azərbaycanda türk şəhidləri üçün ucaldılan abidə və yazılan kitablar göstərir ki, tarix yaddan çıxmayıb. Bu araşdırmalar davam edir və həm ölkə ictimaiyyətinə, həm də müəyyən qədər dünya ictimaiyyətinə çatdırılır”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir