Cümə , 22 Noyabr 2024
Drone Cameras

Nyu-Yorkda Novruz bayramı qeyd edilib

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Nyu-Yorkda yaşayan özbək, tacik, Pakistan, İran, yəhudi, Ukrayna, Belarus, Latın Amerikası və digər icmalardan olan ailələr iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan mərkəz rəhbəri Alyona Bədəlova bayram münasibətilə soydaşlarımızı və qonaqları təbrik edib, Novruz bayramının tarixindən, adət-ənənələrindən, Azərbaycanda dövlət səviyyəsində geniş şəkildə qeyd olunmasından danışıb.

Tədbir zamanı uşaqlar rəmzi tonqalın üzərindən atılıb, yumurtanın boyanması qaydası ilə tanış olub, Novruza xas əyləncəli oyunlarda iştirak ediblər. Uşaqlara Novruz şirniyyatları, valideynlərə isə Azərbaycanın milli mətbəxi haqqında kitablar hədiyyə edilib.

Tədbirin bədii hissəsində mərkəzin şagirdləri Azərbaycan rəqslərini təqdim ediblər.

Bayram şənliyi valideynlərin, uşaqların və qonaqların böyük həvəslə qoşulduqları “Yallı” milli rəqsinin ifası ilə başa çatıb.

Qeyd edək ki, “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzi 10 ildir Nyu-Yorkda fəaliyyət göstərir. Mərkəzin müxtəlif layihələri əsasında Azərbaycanın məşhur futbolçusu Anatoli Banişevski adına futbol turniri, uşaqlar ücün Novruz şənliyi, “İpək Yolu” festivalı, “Azərbaycana məhəbbətlə” rəsm sərgisi, ABŞ-dakı müxtəlif icmalar üçün Azərbaycan rəqsləri üzrə ustad dərsləri və seminarlar təşkil edilir.

Hər il konsertlərdə, festivallarda və müsabiqələrdə fəal iştirak edən mərkəz Azərbaycan mədəniyyətini və incəsənətini ABŞ-da təbliğ etmək, habelə ənənələri qorumaq, digər icmaların diqqətini Azərbaycanın parlaq mədəni irsinə cəlb etmək məqsədinə xidmət edir.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …