Bazar , 24 Noyabr 2024
Drone Cameras

Oğru və doğru qanunları – Nadir QOCABƏYLİ

Əli İnsanov Fəxri Xiyabanın yanından ötərək, Şəhidlər Xiyabanına əklil qoymaqla nə demək istəyib? Guya bununla ciddi bir siyasi gediş edib? Guya Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi evindən qızıl külçələri çıxan, nazir postunda milyardlar qazanan adam üçün belə əzizdir? Yəni daha Heydər Əliyevi ulu öndər, ümummilli lider saymır? Səbəb nədir, əcəba? 14 illik həbs? Axı onu həbsə ulu öndər atmayıb. O özü 2005-ci ildə Prezident İlham Əliyevə yazdığı müraciətində Heydər Əliyev haqqında həmişə çox yüksək fikirdə olduğunu qeyd edib. Tarixi yada salıb. Heydər Əliyevin yolunda, YAP-ın yaradılması üçün nələr etdiyini xüsusi vurğulayıb, “ulu öndər”, “ümummilli lider” kəlmələrini dönə-dönə təkrarlayıb. Səhv etdiyini, aldadıldığını, Rəsul Quliyevin və müxalifətin avantürasına uyduğunu etiraf edib. Belə olduğu halda, nədən ulu öndərinin məzarına dönüb, onu bircə dəqiqə yad etmək istəmədi? Axı Əli İnsanov Heydər Əliyevin hakimiyyətə gəlməsində rolu olan yüzlərlə, minlərlə tərəfdardan yalnız biri idisə, Heydər Əliyev Əli İnsanov kimi yüzlərlə, minlərlə ortababın böyük vəzifələr tutmasına, böyük pullar qazanmasına, başını başlara qoşmasına şərait yaratmış bir insan, lider idi. Belə bir yaxşılığı, belə bir səxavəti, cömərdliyi, alicənablığı necə unutmaq olar? Mən bu gün bu ölkədə elə adamlar tanıyıram ki, onlar yalnız Heydər Əliyevə bircə dəfə salam verdiklərinə görə adam olublar. Başqa heç bir özəllikləri yoxdur. Mən Əli İnsanovun onlardan biri olduğunu düşünmürəm, onu heç yaxından tanımıram da, şəxsiyyətinə, həkimliyinə, intellektinə bələd də deyiləm. Amma səhiyyə naziri kimi yüksək, strateji bir vəzifəni tutmaq, hələ üstəlik o vəzifədən milyonlar qazanmaq hər adama nəsib olmur və bunu unutmaq olmaz! Digər tərəfdən. Əli İnsanov özünün etiraf etdiyi səhvləri, yanlışları edəndə və həbs olunanda Heydər Əliyev artıq haqq dünyasındaydı. Onun həbsinə siyasi qərar verilmişdisə də, Heydər Əliyevin bunda nə rolu vardı, nə də xəbəri. O halda ondan küsmək, ona acıq eləmək, başqalarının hayıfını ondan almaq hansı məntiqə və ədəbə sığır? Deyək ki, lap İlham ƏIiyev onun 2005-ci ildə yazdığı müraciətə müsbət cavab verməyib deyə, Əli İnsanov acıqlıdır. Amma oğula görə atadan üz döndərmək, ona arxa çevirmək, nankorluq (çörəkvaylıq) etmək nə dərəcədə doğrudur? Axı bu nə oğru, nə də doğru qanunlarına uyğun deyil…

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …