Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Oktyabrda Azərbaycanda Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü keçiriləcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 11-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.

Bu barədə  QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Şeyxülislam A.Paşazadə Bağdad Amreyevi Azərbaycanda görməkdən şad olduğunu bildirib.

Amreyevin rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatının böyük və dəyərli işlər gördüyünü qeyd edən QMİ sədri A.Paşazadə son illər türk birliyinin güclənməsi yönündə atılan addımların əhəmiyyətindən danışıb. Şeyxülislam A.Paşazadə Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açıb. Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi irsə qayğı və himayəsini yüksək qiymətləndirən QMİ sədri A.Paşazadə milli və mənəvi dəyərlərinə sadiq ölkəmizin ortaq tarixə malik, eyni dini-mənəvi dəyərləri bölüşən qardaş xalqların Türk Dövlətləri Təşkilatının yüksəlişi yönündə səylərini xüsusi qeyd edib.

Şeyxülislam B.Amreyevin onu ziyarət etməsini TDT Baş katibinin İslam dininə ehtiramının təcəssümü kimi dəyərləndirib. Bildirib ki, Türk Dövlətləri Birliyinə üzv ölkələrin müsəlman dini liderləri dövlət başçılarımızın qardaş xalqlarımız naminə müştərək fəaliyyətlərinə ruhən dəstək vermək məramındadırlar və TDT ideyalarının insanların qəlblərinə, mənəviyyatına çatdırılması üçün dini-mənəvi müstəvidə səylərini əsirgəmirlər.

Söhbət əsnasında Şeyxülislam A.Paşazadə B.Amreyevin rəhbərlik etdiyi təşkilat tərəfindən Azərbaycana 44 günlük Vətən müharibəsi günlərində nümayiş etdirilmiş qardaş dəstəyinə görə minnətdarlığını ifadə edib, habelə bu yaxınlarda ölkəmizin Londondakı səfirliyinə edilmiş vandal hücumu qətiyyətlə qınadıqlarına, ölkəmizi birmənalı dəstəklədiklərinə görə Türk dövlətlərinə təşəkkürlərini bildirib.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycanın, Qafqazın dini lideri ilə görüşməyi şərəf saydığını qeyd edərək, Şeyxülislam A.Paşazadənin şəxsiyyətinə və fəaliyyətinə böyük dəyər verdiyini bildirdi. B.Amreyev xüsusi qeyd edib ki, Türk Dövlətləri Birliyinə üzv ölkələrin müsəlman dini liderlərinin Şurasının yaranması təşəbbüsünün müəllifi olan Şeyxülislam A.Paşazadənin bu ideyanın reallaşmasına töhfələri böyükdür.

Qonaq TDT üzv ölkələrin qarşıdakı noyabr zirvəsindən danışıb və Özbəkistanda baş tutacaq bu görüşdə nəzərdə tutulan işlər barədə məlumat verib. B. Amreyev TDT üzv ölkələrin müsəlman dini liderlərinin oktyabrda Azərbaycanda baş tutacaq görüşünün önəmini xüsusi vurğuladı və bu görüşün yüksək səviyyədə gerçəkləşəcəyinə əmin olduğunu bildirib. İslam dininin birləşdirici rolunu və qardaş türk xalqlarının birliyi üçün bu ortaq dəyərin mühüm önəm kəsb etdiyini vurğulayan B.Amreyev bu amilsiz türk birliyinin zəif ola biləcəyinə diqqəti çəkib.

Daha sonra TDT üzv ölkələrin müsəlman dini liderlərinin oktyabr görüşündə qəbul ediləcək sənədin detalları müzakirə olunub. Bildirilib ki, bu TDT çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur.

Check Also

Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır

Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır. Boyukmillet.com xəbər verir ki, bunu Dini …