Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti, o cümlədən hərbi əməliyyatlarda terrorçu qruplaşmalardan və muzdlulardan istifadə etməklə Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Ombudsman Aparatının Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətdə Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən əhalinin sayını süni şəkildə artırmaq və bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti öz xeyrinə dəyişmək məqsədilə Livan, Suriya, İraq və digər ölkələrdən olan etnik ermənilərin həmin işğal olunmuş ərazilərə köçürülməsi ilə etnik təmizləmə və qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı bildirilib.
Müraciətdə, habelə qeyd olunan bu fəaliyyətlə işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və ona əlavə protokolları, Haaqa Konvensiyalarını, eləcə də Ermənistanın öz üzərinə götürdüyü digər öhdəlikləri, habelə öz daxili qanunvericiliyinin tələblərini kobudcasına pozduğu vurğulanıb. Ombudsmanın müraciətində Ermənistanın siyasi manevr edərək 27 oktyabr 2020-ci il tarixində Azərbaycan tərəfindən 1997-ci ildə ratifikasiya olunmuş BMT-nin “Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya”sını ratifikasiya etməsi, buna baxmayaraq, muzdluları silahlı münaqişələrə cəlb edərək bu Konvensiyanın da tələblərinə biganə münasibət və aşkar surətdə hörmətsizlik nümayiş etdirdiyi qeyd edilib. Bununla yanaşı, müraciətdə Ermənistan tərəfindən hərbi əməliyyatlara müxtəlif terrorçu qruplaşmaların üzvləri və muzdluların cəlb edilməsinə dair faktlar diqqətə çatdırılıb.
Müvəkkil müraciətində beynəlxalq təşkilatları Ermənistanın etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasətini, eləcə də muzdluları, terrorçu qruplaşmaları münaqişəyə cəlb etməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması faktlarını araşdırmağa və həmin cinayət əməllərinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırıb.