Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ombudsmanı iranlı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İranın Baş Təftiş Təşkilatının rəhbəri (Ombudsman) Həsən Dərvişyan ilə onlayn formatda görüş keçirib.

Boyukmillet.com xəbər verir ki, onlayn görüşdə iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.

Görüş zamanı Ombudsman Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində basdırılan minaların səbəb olduğu insan tələfatına diqqət çəkərək bildirib ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıtmasında çox ciddi maneələr yaranıb. Müharibənin başa çatmasından bu günə qədər 140-dan çox insanın minaya düşdüyünü, nəticədə 27 şəxsin həyatını itirdiyini qeyd edən Ombudsman bununla bağlı müxtəlif beynəlxalq qurumlara mütəmadi olaraq müraciətlər etməsinə baxmayaraq, Ermənistanın hələ də mina xəritələrini verməkdən imtina etdiyini bildirib.

Ermənistanın beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozduğunu vurğulayan Ombudsman işğalçı dövlətin siyasi və hərbi rəhbərliyinin insanlıq eləyhinə törədilən bu cinayətlərə görə birbaşa məsuliyyət daşıdığını bildirib. Qeyd olunub ki, Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan ərazilərdə yaşayış yerləri tamamilə viran qoyulub. Bu vəziyyət regional inkişafa mənfi təsir göstərməklə yanaşı, eyni zamanda sülhü və sabitliyi təhlükə altında qoyub. Ombudsman belə halların təkrarlanmaması üçün beynəlxalq insan hüquqları təşkilatlarının həmrəylik göstərərək mövcud vəziyyətə düzgün hüquqi qiymət verməsinin və cavabdeh şəxslərin ədalət mühakiməsinə cəlb olunması üçün lazımi səylər göstərməsinin vacibliyini vurğulayıb.

Görüşdə İran Ombudsmanı Həsən Dərvişyan qurumlar arasında ikitərəfli memorandum imzalanmasını təklif edib və Azərbaycan Ombudsmanı bu təklifi müsbət qarşılayıb. Görüş qarşılıqlı əməkdaşlığın inkişafı, habelə İslam Əməkdaşlığı Təşkilatı Ombudsmanlar Assosiasiyasının üzvləri arasında əlaqələrin genişləndirilməsi barədə müzakirə ilə davam edib.

Səbinə Əliyeva və Həsən Dərvişyan

Səbinə Əliyeva və Həsən Dərvişyan

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …