AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Ordubad folklor mühitinin regional xüsusiyyətləri” monoqrafiyasının təqdimatı keçirilib.
Bu münasibətlə keçirilən tədbirdə AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev bildirib ki, yenicə işıq üzü görən monoqrafiya məhz zənginliyi və milli köklərə bağlılığı ilə seçilən Ordubad folklor mühiti ilə bağlı uzunmüddətli tədqiqatların nəticəsidir.
“Müəllif əsərdə Ordubad bölgəsinin folklor nümunələrinin toplayıcısı olmaqla yanaşı, həm də tədqiqatçılıq bacarığını sərgiləyib. Kitabda folklor nümunələri həm ümumtürk folkloru kontekstində, həm də Azərbaycanın digər regionlarına məxsus örnəklərlə müqayisəli şəkildə öyrənilib”,- deyə qeyd olunub.
Vurğulanıb ki, 200-ə yaxın Azərbaycan, rus və türk dillərində mənbələrə müraciət edən tədqiqatçı Aytən Cəfərova sonda, sözün əsl mənasında, Ordubad folklor mühiti ilə bağlı mükəmməl bir tədqiqat işi ortaya qoyaraq folklorşünaslıq elmi üçün sanballı mənbə ərsəyə gətirib. Yeni monoqrafiya, həmçinin Naxçıvanşünaslıq elminin zənginləşdirilməsi üçün əhəmiyyətli əsər sayıla bilər.
Sonda müəllif iştirakçılara minnətdarlığını bildirib.