Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 7-də axşam soyuq arktik hava cərəyanlarının Aralıq dənizi və Türkiyədən ölkə ərazisinə tədricən yayılması nəticəsində hava şəraiti dəyişib.
Havanın temperaturu ötən günlə müqayisədə 18° enib. Əgər dünən paytaxtda 22-25° isti olubsa, fevralın 8-də səhər saatlarında 7° isti qeydə alınıb. Bütün meteoroloji müşahidələrə görə 2002-ci ildə son dəfə 23° isti qeydə alınıb.
Boyukmillet.com xəbər verir ki,Departamentdən bildiriblər ki, saat 12:00-a olan məlumata görə fevralın 8-i səhərədək Xaltan, Qırızda, Sarıbaşda 6, Xınalıqda, Ağdərədə 4, Gədəbəydə 2, Daşkəsəndə 1 millimetr miqdarında qar yağıb. Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 36, Sarıbaşda (Qax) 21, Qrızda 13, Xınalıqda 12, Xaltanda 2 santimetr olub.
Qubada 9, Ordubadda 7, Qusar 6, Göygöldə 5, İsmayıllı, Kürdəmir, Lerikdə 4, Naxçıvan, Şahbuz, Şamaxı, Beyləqan, Kişçay (Şəki), Şabranda 3, Ağdam, Balakən, Qəbələ, Zaqatala, Altıağac, Tərtər, Bərdə, Göyçay, Zərdab, İmişli, Ağsuda 2, Bakı, Sumqayıt, Şərur, Ağstafa, Mərəzə, Şəki, Gəncə, Mingəçevir, Sabirabad, Neftçala, Cəfərxanda 1 millimetr yağış qeydə alınıb.
Qərb küləyi əsib, arabir Daşkəsəndə 28, Tovuzda 24, Salyan, Tərtərdə 23, Naftalan, Ağstafa, Bərdədə 20, Astara, Qrızda 18, Hacıqabulda 16, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 16-20, arabir 23 metr/saniyəyədək güclənib.
Gözlənildiyi kimi, fevralın 8-də proses davam edərək, Bakı və Abşeron yarımadasında fevralın 9-u və 10-da daha da əlverişsiz və kəskin olacaq, havanın temperaturu 0°-yə yaxınlaşacaq, gecə isə 1-4° şaxta olacaq, yağış sulu qara, qara keçəcək, külək daha güclü olacaq.