Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Ordudakı 143 milyonluq yeyinti işi üzrə həbs olunan polkovniklə bağlı yeni hökm

Prokurorun protesti qismən təmin edilib

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə ilə bağlı cinayət işi üzrə həbs olunanlardan biri – nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik-leytenant Mahir Şirvanov 3 il azadlıqdan məhrum edilsə də, hökmdən həm özü şikayətçi olmuşdu, həm də prokurorluq protest vermişdi.

Bakı Apelyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə onun işinə yenidən baxılırdı. Polkovnik Mahir Şirvanov apelyasiya şikayətində ona bəraət verilməsini istəyirdi. Prokurorluq isə onun cəzasının ağırlaşdırılmasını tələb edirdi.

Vəkili çıxışında bildirib ki, Mahir Şirvanovun işi üzrə şahidlər təzyiq altında ifadələrə qol çəkiblər. Onun sözlərinə görə, şahidlər məhkəmədə ifadələrini təsdiqləməyiblər. Vəkil onu da bildirib ki, prokuror protestində cəzanın ağırlaşdırılması tələbi kimi Mahir Şirvanovun öz əməlini etiraf etməməsini göstərib:

“İndi Mahir Şirvanov durub etiraf eləsə, prokuror protestindən imtina edəcək?”.

Vəkil çıxışının sonunda müvəkkilinə bəraət verilməsini istəyib.

Bakı Hərbi Məhkəməsi. Foto: Meydan TV

Sentyabrın 9-da Bakı Hərbi Məhkəməsində Mahir Şirvanov haqqında hökm çıxarılarkən onun yeyinti nəticəsində dövlətə dəymiş 50 min manatlıq ziyanı ödəməsi yüngülləşdirici hal kimi nəzərə alınmış, ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulan cəzanın minimum həddindən daha aşağı cəza) maddəsi tətbiq olunmuşdu. Mahir Şirvanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsində cəza həddi 10 ildən başlasa da, məhkəmə onun 3 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarmışdı.

Bakı Apelyasiya Məhkəməsi prokurorluğun protestini qismən təsmin edərək, onun haqqında hökmü dəyişib və cəzasını 6 ilə qaldırıb.

Satınalmalar və Təchizat İdarəsinin Mahir Şirvanovdan sonrakı rəisi olmuş Məlikməmməd Qurbanov da həbs olunanlar arasındadır. O da 4 il azadlıqdan məhrum edilib. Prokuror onun da haqqında hökmdən aproktest verib və hazırda bu iş üzrə məhkəmə prosesi davam edir.

2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov, çoxsaylı polkovniklər də daxil olmaqla, Müdafiə Nazirliyinin 15-ə yaxın vəzifəli şəxsləri həbs edilib. Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı cinayət işinin istintaqı birlikdə aparılsa da, həbs olunanların bir çoxunun məhkəməsi ayrı-ayrılıqda keçirildi. General Nizami Məmmədov və daha 3 nəfərin məhkəməsi isə hələ yekunlaşmayıb.

Check Also

Kəmaləddin Heydərov təyyarə qəzasında xəsarət alanların son vəziyyətini açıqlayıb

“Hadisə yerində olduq, xəstəxanada yaralılara baş çəkdik. Reanimasiyada olan üç nəfərdən başqa, hamısının vəziyyəti yaxşıdır”. …