Türkiyə səfərimiz başa çatdı. Bakıya qayıdan kimi yaxın dostların ən çox verdiyi sual bu oldu: 3-4 gündür görünmürdün, hardaydın? Təbii ki, cavabım “xarici səfərdəydim” kimi olurdu. Əslən Naxçıvandan olan bir dostum gülə-gülə mənə dedi ki, nə əcəb belə deyirsən, axı naxçıvanlılar üçün oralara səfər etmək xaric sayılmır.
Doğrudan da həmin yol mənim üçün yad deyildi. İki qardaş ölkəni birləşdirən “Ümid körpüsü” açılan kimi sərhədi ilk keçənlərdən olmuşam. Yaxşı yadımdadır, bu, mərhum prezident Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi, mənim isə orta məktəbdə oxuduğum vaxta təsadüf edirdi. İlk dəfə İğdırı onda gördüm. 90-cı illərin əvvəlindəki İğdırla indikinin arasında fərqi, sadəcə, müqayisə edəcəm – o vaxtkı İğdırın küçələrində yalnız at arabalarına rast gəlinirdisə, indiki şəhər müasirliyilə seçilən böyük bir alış-veriş mərkəzinə dönüb. Səfər proqramımızda Qarsı da ziyarət etmək vardı. Qars mənə daha çox ədəbiyyat üzrə Nobel mükafatı alan Orxan Pamukun müəllifi olduğu “Qar” romanını oxuyandan sonra maraqlı gəlməyə başladı. Həmin əsərin də süjet xətti qış fəsli ilə bağlıdır. Demək ki, qismət belə imiş, Orxan Pamukun “Qar”ı ilə tanıdığım Qarsı İsmayıl Ağayevin icra etdiyi layihə çərçivəsində real görəcəkmişim. Səfərdə iştirak edən 11 nəfər nümayəndənin hamısı səhər saat 6-00-da Bakı Hava Limanında idi. Birinci reyslə Naxçıvana uçduq. Artıq əvvəlcədən sifariş edilən iki mikroavtobus bizi orada gözləyirdi. Layihənin əsas icraçılarından olan Samir Adıgözəlli bizi yaman tələsdirirdi: “Tez edin, kənd camaatı Daşburunda bizi gözləyir”. Daşburun İğdıra yaxın olan və əslən azərilərin yaşadığı bir kənddir. Proqrama ona görə salınıb ki, həmin kənddə daha çox bizim “Axırıncı aşırım” filmindən tanıdığımız Kərbəlayi İsmayılın məzarı var (Söhbət həmin rolu oynayan aktyordan deyil, real personajdan gedir – M.Q.). Bolşevik hökuməti qurulandan sonra bu qəhrəman soydaşımız erməni və sovetlərin əlindən canını götürüb Araz çayının o birisi tərəfinə keçib. Kənddən baxanda indiki Ermənistan açıq-aydın görünür. Yəqin ki, Kərbəlayi İsmayıl bəyin tez bir zamanda geri dönəcəyinə dair inamı böyük olub ki, özünə məhz sərhədə yaxın yeri məskən seçib. Kənd məzarlığında Kərbəlayi İsmayıla ucaldılan gözəl bir abidə gördük. Məlum oldu ki, məzarlığın təmiri və abidənin ucaldılması Qarsdakı Baş Konsulluğumuzun əməyi və bəzi xeyirxah insanların diqqəti sayəsində ərsəyə gəlib. Bizə bildirdilər ki, məzarlıqdakı son təmir işləri əslən İğdırdan olan Azərbaycan əsilli iş adamı İsaq Yaycılı tərəfindən həyata keçirilib. Daşburun sakinləri, Qarsdakı konsulumuz Nuru Quliyevin, İğdırda fəaliyyət göstərən bir neçə dərnək rəhbərinin iştirakı ilə Kərbəlayi İsmayılın məzarına əklillər qoyduq, onun verdiyi mücadilədən danışıldı, ruhuna dua oxundu.
Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Türkiyənin İğdır və Qars şəhərlərində Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində layihənin davamı olaraq nümayəndə heyəti yerli ictimaiyyətlə birgə İğdırdakı Soyqırım Muzeyini ziyarət etdi və burada ermənilər tərəfindən bu bölgədə törədilən soyqırım faktlarını özündə əks etdirən materiallar haqda verilən məlumatı dinlədik. Soyqırım abidəsinin qarşısında Azərbaycan-Türkiyə QHT-ləri adından Ermənistan əsirliyində saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz bəyanatı oxundu. Eyni zamanda, nümayəndə heyəti İğdırda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, onun adını daşıyan parkla tanış oldu. Nümayəndə heyətimiz İğdır valisi Ənvər Ünlü tərəfindən də qəbul edildi. Vali ilə söhbət zamanı Azərbaycan və Türkiyə ictimai təşkilatlarının yaxından əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edildi. Görüşdə BDM sədri İsmayıl Ağayev səmimi qəbula görə təşəkkür edərək, Azərbaycan QHT-ləri adından valiyə hədiyyə təqdim etdi. Qarşılıqlı fikir mübadiləsi zamanı qərara alındı ki, bu tip əməkdaşlıqlar gücləndirilsin. İsmayıl Ağayevin hər iki ölkənin şəhid ailələrinin qarşılıqlı səfərlərilə bağlı etdiyi təklif vali tərəfindən qəbul edildi və qərara alındı ki, yaxın zamanlarda 10 şəhid ailəsi İğdıra səfər etsin. Vali söz verdi ki, həmin ailələrin sonra Çanaqqalaya səfəri də onlar tərəfindən təşkil olunacaq.
Daha sonra nümayəndə heyətimiz Azərbaycanla bağlı fəaliyyət göstərən bir dərnəkdə oldu. Günün sonunda isə İğdırda yerli QHT-lərdən birinin ofisində bir neçə qurum təmsilçisi ilə aramızda fikir mübadiləsi aparıldı. Diqqətçəkən məqamlardan biri Ermənistandakı “Metsamor” atom elektrik stansiyasının fəaliyyət göstərməsindən hər iki tərəfin dərin narahatlıq keçirməsi idi. Qərara alındı ki, bu istiqamətdə fəaliyyət davam etdirilsin. Nümayəndə heyətimiz ölkəmizdə həyata keçirilən “Stop Metsamor” kampaniyası barədə yerli QHT-lərə ətraflı məlumat verdi. İğdır Əczaçılar Odasında Azərbaycan-Türkiyə QHT-lərinin xüsusilə bu bölgədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq perspektivləri mövzusunda görüşün davamında bir sıra digər problemlər ətrafında da diskusiya aparıldı. BDM sədri İ.Ağayev, ASİM-DER başqanı Göksəl Gülbəy, İğdır Əczaçılar Odası başqanı Nazım Karadağ, İğdır-Azərbaycan Dil, Tarih və Kültür Birliyi Dərnəyinin başqanı Ziya Zakir Acar, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadə və başqaları çıxış etdilər, QHT-lərin əməkdaşlıq perspektivləri və ictimaiyyəti narahat edən problemlər, Azərbaycanla Türkiyə arasında viza məsələsi və s. məqamlar ətrafında qarşılıqlı fikir mübadiləsi aparıldı.
Səfərimizin birinci gününün sonunda Qarsa yola düşdük. Çünki növbəti günlər üçün səfər proqramımız həmin şəhərlə bağlı idi. Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun və Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) yaxından göstərdiyi dəstək nəticəsində Qarsda da səmərəli görüşlər keçirildi.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində BDM sədri İsmayıl Ağayev, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadə, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İB-nin sədri Lyudmila Xəlilova, Ortaq Dəyərlər İB-nin sədri Aqil Camal, Regionda Təhlükəsizlik və Sülh Naminə İB-nin sədri Telman Qasımov, “Bakı-Xəbər” qəzetinin əməkdaşı olaraq mən, moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə, modern.az saytının əməkdaşı Günay Nəbiyeva, BDM mətbuat katibi Könül Kərimova, Qarabağ veteranı Vidadi Nuriyev daxil idilər.
Məlum olduğu kimi, İğdır-Qars yolu belə zamanlarda həm təhlükəsizlik, həm də buz olması baxımından asan qət edilən deyil. Bütün səfər boyu bizi Türkiyənin Jandarm Qüvvələrinin bir qrup əməkdaşı bir neçə avtomobillə müşayiət edirdilər. Fürsətdən istifadə edib bu diqqətə görə də qardaş ölkəyə təşəkkür edirəm. Qars bizi öz təbiətinə uyğun şəkildə qarşıladı. Havanın temperaturu mənfi 15-20 dərəcə arasında dəyişirdi. Nümayəndə heyətimiz Qarsın gözəl otellərindən olan “Böyük Kale”yə yerləşdi.
Ardı var…
Məhəmmədəli QƏRİBLİ
Bakı-İğdır-Qars