Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Özündən olana kin-nifrət bəsləyənlərin əsl hədəfi… – Tənzilə Rüstəmxanlı yazır

Son günlər sosial şəbəkələrdə paylaşılan mövzularla bağlı məsələlərə Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı aydınlıq gətirib.

Boyukmillet.com həmin açıqlamanı sizlərə təqdim edir:

“Məndən ötdü, sənə dəydi…” Ustad şairimizin ruhu şad olsun.

Bizim özümüzdən ötməsinə sevindiyimiz zərbələrin sonda vətənə, dövlətə, millətə dəyməsini müşahidə edirik. Dərdi, bəlanı görürük, zərərini, ziyanını anlayırıq, amma öz üzərimizdə bunu hiss etmədikcə susuruq, “mənə dəymədi”-deyə sevinirik də bəzən…

Son günlər sosial şəbəkələrdə baş verənlərlə bağlı ictimai təpki mənə milli psixologiyamızdakı bu naqisliyi yenidən xatırlatdı.

Onu da bildirim ki, xeyli zamandır sosial medidan uzaq durmağa çalışıram. Əslində mən sosial medianı bir tribuna olaraq görmüşəm, cəmiyyəti narahat edən məsələlərə münasibət bildirmək, millətə, dövlətə yararlı ola biləcək fikirləri yaymaq, müzakirələr açmaq üçün bir platforma kimi düşünmüşəm. Amma təəssüflər olsun ki, bəzilərinin yanlış, milli mentalitetimizə və dövlət qanunlarına uyğun gəlməyən təfəkkürlə sosial mediadakı fəaliyyəti bu platformanı azərbaycanda tamam fərqli məcraya yönəldib, faydalı bir sahəni təhlükə mənbəyinə çevirib. Məhz bu məqam məni sosial mediadan kənarlaşdırıb, burdakı aktivliyimə son verib.

Çünki görmüşəm ki, bu platformada meydan sulayan bəzi “qəhrəmanlar” bütün əxlaq və insanlıq qaydalarını ayaqlayıb “yüksəlirlər”. Məni isə kiminsə ailə və şəxsi həyatı, mətbəxi, həyat tərzi yox milli məsələlər maraqlandırıb. Hər zaman bir həqiqəti qəbul etmişəm ki, kimsənin özəlinə girmək adında kiminsə haqqı yoxdu. Kimin haqqı var ki, insanları təhqir etsin? İctimai-siyasi mövqe tutan insanlardan narazılıq ola bilər, bu təbiidir və bu narazılığın da fikirlə ifadə forması tənqid ola bilər, təhqir yox!

Sosial mediada əsas ən çox məni rahatsız edən məqam buranın bir təhqir makinasına çevrilməsi oldu. Ən pisi odur ki, bütün bunlara qarşı çıxanda məsələni söz azadlığına qarşı çıxmaq kimi təqdim edib “demokratiya dəbilqəsi” altında qoruna bildilər və öz çirkin fəaliyyətlərini bu günkü səviyyəyə qədər inkişaf etdirdilər.

Son olaraq xanım millət vəkili Sevinc Fətəliyeva ilə bağlı baş verənlər, onun haqqında azərbaycanlı adına yaraşmayan böhtanların yazılaraq yayılması yenidən sosial mediadakı naqisliyi ortaya qoymuş oldu. Bir çox tanınmış, sayğılı şəxslər bu məsələyə haqlı olaraq sərt reaksiya verdi. Əlbəttə ki, belə də olmalıdır. Sevinc xanımın demədiyi bir fikri onun adından yaymaq, təhqir makinasını işə salmaq əlbəttə ki, qəbul edilən bir şey deyil. Amma bu birinci hal idimi? Sevinc Fətəliyevadan öncə də Azərbaycanın çox önəmli ziyalı xanımları(təvazökarlıqdan uzaq olsa da elə mən özümü də onların sırasında görürəm) sosial mediada ağır formada təhqir olunanda çox qəribədir ki, cəmiyyətimizin, ziyalımızın səsi bu qədər bərkdən çıxmırdı. Hər kəs ehtiyyatla davranırdı ki, danışsaq, etiraz etsək, bizi də hədəfə çevirəcək, bizi də söyüş makinasının qabağına verəcəklər.

Bax o susqunluğun “məndən ötsün” düşüncəsindən irəli gələn fəaliyyətsizliyin nəticəsi bura gətirib çıxarır. Mən xüsusi olaraq araşdırmışam və yer üzündə ikinci bir millət belə tapa bilməmişəm ki, Azərbaycan xalqı kimi özündın olana bu qədər kin, nifrətlə dolu olsun. Bir nəfər haqqında yalan bir başlığı tirajlayırlar, o dəqiqə linç kampaniyası başlayır. Bu təkcə qadına aid deyil ki, həm də Azərbaycan kişisinə aiddir. Ömrünü bu millətə vermiş Sabir Rüstəmxanlı azmı təhqir olunub? Azmı linç kompaniyası aparılıb? Ailəsi, özü, oğlu, uşağı hədəf seçilib. Bütün bunları əlbəttə ürək ağrısı ilə yazıram, ürək ağrısı ilə deyirəm. Mən illər öncə yenə belə bir linç kampaniyası zamanı hüquqa müraciət etdim, “jurnalisti”məhkəməyə verdim. Başqa nə etməliydim?

Onun yazdıqları elə təhqirlər idi ki, onu ancaq öldürmək lazım idi. Oğlum, uşağım, ailə üzvlərim, qardaşım bu addıma getməsinlər deyə mən məhkəməyə müraciət etdim. Bu zaman da qəribə durum yaşandı: Məhkəmə hakimi mənim müraciətimi qəbul etməyə qorxurdu, qorxurdu ki, onun özü təhqir hədəfi olacaq. O adam cəzasını alsa da, sonradan hansısa qüvvələr bu şəxsin vaxtından əvvəl azadlığa çıxmasına nail oldular.

Axı bu adam islah olunmayıb və indi yenə də YouTube kanalında, Facebook səhifələrində saxta səhifələr açaraq yenə də Azərbaycan qadınını təhqir etməklə məşğuldu. Mən deyiləm lap bir başqasıdı. Amma mən onda Azərbaycan-Türk qadını təhqir olunmuşdu deyə məhkəməyə müraciət etmişdim. Bütün bunların hamısı sonuçda belə nəticələr gətirir. Ölkə başçısının ailəsi təhqir olunanda hamımız əlimizi əlimizin üstünə qoyub susmuşuq. Bizdən uzaq olsun demişik. Bəs belə olur da cəmiyyət axırda gəlir bir eybəcər forma alır çox eybəcərdi. Cəmiyyətimiz indi bu dəqiqə niyə belə forma alıb? Niyə bu gündəyik biz?

İnsanları sevməyə bilərsiniz, amma təhqir etməyə nə haqqınız var? Təhqir etdikləriniz vətən xainidilər? Vətənimi satıblar, torpağımı satıblar, dövlətə xəyanət eləyiblər? O güruhun zaman-zaman təhqir etdiyi mən dünyanın hər yerində ölkəmi müdafiə etmişəm. İndi Qarabağdan hər kəs danışır, amma kimsə Xocalının adını ağzına almayanda 1992-ci ildən bəri Xocalı soyqırımı davasını aparmışam. Mən bununla yanaşı eyni zamanda müxtəlif fondlardan, xarici fondlardan, özəlliklə də çoxusu erməni maliyyəsi hesabına maliyyələşən fondlardan dəstək alan içimizdəkilər tərəfindən təhqir olunmuşam. Bəzən içimdə təəssüf hissi yaranır ki, boşunamı mən bu millət üçün savaşmışam? Boşunamı mən bu millətə xidmət etmişəm? İndi isə görürəm ki, işimizə gələndə susuruq, işimizə gəlməyəndə danışırıq.

Belə çıxır ki, siyasi əqidəsinə görə kimsə, hansısa qadın sevilməyə bilər, o təhqir də oluna bilər, o linç də edilə bilər və susdurula da bilər? Amma bir başqası təhqir olunanda bizim qeyrət damarımıza basır. Ona görə bu hamı üçün keçərli olmalıdır. Axı bu millətin o qədər gözəl adəti var idi ki, bu millətdə qadına dil uzatmaq, kimsənin anasına, qızına, gəlininə dil uzatmaq ən böyük şərəfsizlik və namussuzluq hesab edilərdi. Biz o cür gözəl dəyərlərimizi ayaqlarımız altına aldıq. Modernləşən dünyada, qloballaşan dünyada yeni bir nəsil gəlib və nə mənəvi dəyər bilir, nə tarixini bilir, nə əxlaqını bilir. Və belə bir millət yetişdirməkdəyik. Budurmu bizim millətimiz? Mənim millətim, Türk milləti bu əxlaqın sahibi deyil. Türk millətində qadına dil uzatmaq ən böyük əxlaqsızlıq hesab olunurdu. İndi isə qadınlarımız hədəfdədir.


Mən bütün bu deyilənləri sosial media istifadəçilərinin qətiyyən hamısına aid etmirəm. Mən də bir qadın cəmiyyətinin sədri kimi, mən də uzun zaman təhqirlərə məruz qalmış bir ana kimi, ictimai xadim kimi, bir ziyalı kimi düşünürəm ki, Sevinc Fətəliyevaya qarşı olan bu qara kampaniya çox iyrənc, çox rəzil bir durumdu və hüquq-mühafizə orqanları bir an öncə hərəkətə keçib bizi bu sosial media terrorizmindən xilas etməlidirlər.

İnsanları mənəvi terror edib öldürürlər, insanların evinin içinə girirlər, insanların mətbəxini, yatağını açırlar. Buna izin verməyin. Bunun adı terrordur. Bunun adı mənəvi sosial şəbəkə terrorudur. Bunun qarşısını almaq lazımdır. Çünki hədəf əslində şəxslər deyil, əsrlərdən bəri qoruduğumuz, bizi fərqli qılan dəyərlər sistemimizdir.

Tənzilə Rüstəmxanlı

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …