Pakistanın Dövlət Televiziyasında (PTV World) Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunan xüsusi reportaj yayımlanıb.
Boyukmillet.com xəbər verir ki, reportajda hər il dekabrın 12-də Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümünü qeyd etdiyi vurğulanıb.
Bildirilib ki, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun vəfatından 20 il ötür.
Reportajda qeyd olunub ki, tarix onu nadir lider, qüdrətli dövlət başçısı, dövlət quruculuğunun çətin tarixi vəzifəsini öz çiyinlərinə götürməyi bacaran əfsanəvi şəxsiyyət kimi xatırlayır.
O da diqqətə çatdırılıb ki, Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi müstəqillik əldə etdikdən sonra Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyin ideoloji zəmini kimi dünya azərbaycanlılarının həmrəyliyinə möhkəm zəmin yaratmışdır. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan boru kəməri və digər beynəlxalq əhəmiyyətli layihələr Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin müdrik siyasəti nəticəsində Azərbaycanda yüksək sürətli sosial-iqtisadi inkişaf təmin edilmiş, Azərbaycan beynəlxalq münasibətlərdə möhkəm mövqeyə malik ölkəyə çevrilmişdir.