Azərbaycanın əks-hücumundan özünü itirən Ermənistan hakimiyyəti “günah keçisi” axtarır. İlk qurban Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru Arqişti Kərəmyan oldu. Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə o, tutduğu vəzifədən azad edilib.
2018-ci ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra ölkədə bu vəzifəni daşıyanlar qurbana çevirilirlər. Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. Onun keçmiş müavini Eduard Martirosyan ötən il sentyabrın 19-da Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb və bu il martın 19-da bu vəzifəyə təyin olunmuşdu. İyunun əvvəlində Martirosyan tutduğu vəzifədən azad edilib. Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan gətirilib.
Bu idarə ölkənin təhlükəsizliyinə birbaşa xidmət edir. Ancaq son illər onun rəhbərləri xarici ölkələrə casusluqda ittiham olunur. Xatırladaq ki, Vanesyan xarici dövlətlərdən birinin casusu olmaqda da şübhəli bilinir.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın qaynı Qraçi Akopyan prokurorluğa ”Xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alındığı üçün Paşinyanın Artur Vanesyanı işdən azad etməsinin açıqlaması var?” mövzusunda müraciət etmişdi.
Kərəmyan vəzifəyə təyin ediləndə xidməti “xarici ölkələrin casusundan təmizləyəcəyini” vəd etmişdi. Görünür, Paşinyan “xarici ölkələrin” xoşuna gəlmək üçün gənc kadrını qurban verir.
Heç şübhəsiz, Kərəmyanın işdən çıxarılması yalnız bir məsələyə görə deyil.
Bununla Paşinyanın öz məğlubiyyətlərini əsaslandırmağa çalışdığını “Facebook”dakı sonuncu paylaşımından da görmək olar: “Bir neçə gün qabaq cəbhə xəttindən narahatedici belə bir xəbər aldım: Bəzi adamlar döyüşçülər arasında “Nikol torpağı satıb. Bu, razılaşdırılmış müharibədir. Sizləri burada ət maşınına qoyublar. Mövqeləri saxlamaq əbəsdir”. Əsgərləri inandırıblar. Bundan sonra onlar mövqeləri və silahları təhvil veriblər”.
Paşinyan məsələni milli təhlükəsizlik xidmətinin araşdırdığını bildirib: “Onların başçılarından biri aşkarlanıb. O, Xankəndi (ermənilər “Stepanakert” deyir – S.İ.) sakinidir, Yerevanda tutulub. Hazırda başqa versiyalar da nəzərdən keçirilir. Bunlardan biri də siyasi xarakterlidir. Hələlik çox mətləb aydın deyil”.
Onun sözlərinə görə, “generalların, zabitlərin, əsgərlərin, könüllülərin, azadlıq uğrunda mübarizə aparanların arasında satqın ola bilər”.
Argisti Kərəmyan
Kərəmyanın tutduğu vəzifədən azad edilməsi həm də Ermənistan hakimiyyətində ciddi kadr böhranının olduğunu ehtimal etməyə əsas verir.
Paşinyanın açıqlamasındakı “satqınlıq siyasi xarakterli ola bilər” versiyası isə müxalifətə ünvanlanıb. Çiçəklənən Ermənistan Partiyasının lideri, milyonçu deputat Qaqik Sarukyan həbsdədir. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Paşinyana və hüquq-mühafizə orqanlarına müraciətlər edilir. Yaxud döyüşlərdən bir neçə gün əvvəl Vətən Partiyasının sədri, xidmətin keçmiş direktoru Vanesyan Paşinyanın istefasını tələb etmişdi.
Oktyabrın 8-ə Çiçəklənən Ermənistan, Vətən partiyaları və “Daşnaksütyun” Yerevanda hökumətə qarşı etiraz mitinqi elan edib. Bu aksiyada Paşinyanın istefası tələbinin irəli sürülməsi nəzərdə tutulmuşdu. “Facebook”dakı açıqlaması ilə Paşinyan bu prosesin qarşısını da alıb. Ola bilər ki, sonuncu paylaşım daha çox həmin aksiyanı hədəf alıb. Çünki təşkilatçılar mitinqin təxirə düşdüyünü hələ elan etməyiblər.
Odur ki, Nikol Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün Ermənistan ordusunun döyüşdə məğlub vəziyyətə düşməsindən istifadə edəcək. Bu isə yaxın günlərdə ölkədə kütləvi həbslərin olacağı ehtimalını artırır.
Deməli, Paşinyan “aramızda satqın var” tezisi ilə bir neçə məsələni birdən həll edir:
– məğlubiyyəti əsaslandırmaq üçün bəhanə tapır;
– hakimiyyətdə yeni kadr dəyişikliyi edir;
– siyasi rəqiblərini sıradan çıxarır;
– cəmiyyətdə onun siyasətinə etirazın qarşısını alır;
– ordunun bacarıqsızlığını “satqınların” üzərinə yıxır;
– döyüşlərdən sonrakı mərhələdə xaosun qarşısını almaq, ölkədə rejim yaratmaq üçün bu amildən istifadə edəcək;
– Azərbaycanın gücünü etiraf etməyib, günahı həmin “satqınlar”ın boynuna yıxacaq və s.
Beləliklə, Nikol Paşinyan döyüşlərdən sonra hakimiyyətini qorumağa hazırlaşır. Onun sonuncu “Facebook” paylaşımı və Kərəmyanın işdən çıxarılması bunu təsdiqləyir.