Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Paşinyan Gürcüstanı “böyük Ermənistan” hesab edir

2020 – ci il fevralın 15 – də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağla bağlı panel müzakirələrin aparılması zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın tarixi ümumiyyətlə bilmədiyi, siyasi savadsızlığı üzə çıxdı, nəticədə isə o, açıq – aşkar biabır oldu. 

Konfransdakı panel müzakirələri zamanı Paşinyan həyasızcasına bildirib  ki, guya Qafqazda yalnız ermənilər və gürcülər yaşayıb, azərbaycanlılar isə olmayıb. Lakin bu fikir kökündən yalnışdır. Qeyd etmək lazımdır ki, ermənilər heç Ermənistanın Respublikasında da avtoxton əhali olmayıblar. Bu baxımdan X. Hyubşman, Q. Bonfante, E. Benvenist kimi görkəmli alimlər, eləcə də erməni alimi Y. Manandyan, ermənilərin ulu babalarının, o cümlədən onlara qohum olan frako – frikiya tayfalarının hələ e.ə. II minilliyin əvvəllərində Balkan yarımadasında, daha erkən dövrdə isə Qara dənizdən şimala tərəf olan vilayətlərdə yaşadığını hesab edirlər. Dyakonovun qənaətinə görə, bu tayfalar e.ə. XVIII əsrin ortalarında Kiçik Asiyaya soxulublar. İ. K. Kanadşevin qənaətinə görə, ermənilər Gürcüstanın köklü əhalisi olmayıb.

1911 – ci ildə tədqiqatçı Nikolay Şavrov yazır: “Ermənilərdən başqa aysorlar və müsəlmanlar da Bakı quberniyasında məskunlaşıblar. Lakin köçkünlərin ən çox sayı ermənilərin payına düşür. Belə ki, Zaqafqaziyada yaşayan 1300000 nəfər ermənidən 1000000 nəfəri buranın yerli əhalisi olmayıb və onlar bura bizim tərəfimizdən köçürülmüşlər”.

Erməni etnosunun Qafqazla heç bir bağlılığı və əlaqəsi olmayıbdır. Qədim Albaniyanın (Azərbaycan) Yuxarı Qarabağ vilayətində (Arsaq) xristianlığın yayılmasından məharətlə istifadə edərək 1836-cı ildə çar höküməti tərəfindən Alban katalikosluğu ləğv edildikdən sonra erməni keşişləri albanların dini sənədlərinin, kitablarının bir hissəsini məhv edib, bir hissəsini erməni dilinə tərcümə edərək özününküləşdirib, alban kilsələrini isə mənimsəyərək guya burada qədimdən bəri məskunlaşdıqlarını “sübut etməyə çalışıblar”. Əslində isə bugünkü Qarabağda olan xristian abidələrinin hamısının albanlara məxsus olduğu hər kəsə məlumdur.

Qeyd etmək lazımdır ki, məhz Qriqoryan  kilsəsi ermənilərin Türkiyə və İrandan, Azərbaycan və Gürcüstan ərazilərinə köçürülməsində əsas rol oynayıbdır. Qriqoryan kilsəsinin rus imperiyası və Avropa dövlətləri ilə əlaqələri isə XVII əsrə təsadüf edir. Ermənilər elə o vaxtdan avropalıları inandırmağa çalışırdılar ki, guya müsəlmanlar “Avropa ilə bir dinə itaət edən erməni xalqını istismar edirlər”.

Ermənilər xəstə təxəyyülünə malik olduqlarına görə hər kəsi inandırmağa çalışırlar ki guya onlar qədimdən bəri Qafqazda məskunlaşıblar. Əslində isə qonşularının maddi və mədəni sərvəti hesabına tarixi saxtalaşdıran ermənilər, Azərbaycan və Gürcüstanın torpaqlarında heç bir əsası olmayan “böyük Ermənistan”ı yaratmaq arzusundadırlar. Lakin el arasında bir məsəl var ki yalan ayaq açar amma yeriməz. Bu baxımdan biz Nikol Paşinyanın çıxışı zamanı etdiyi səhvlərdən onun necə arsızcasına yalan danışdığının şahidi oluruq: belə ki o, çıxışı zamanı əvvəl, guya “Dağlıq Qarabağda Ermənistan qoşunlarının yox, əhalinin özünümüdafiəsi üçün yerli erməni qüvvələrinin olduğunu”, daha sonra isə guya “oğlunun Dağlıq Qarabağda hərbi qulluqda olduğunu və həmvətənlərini müdafiə etmək üçün ora könüllü şəkildə getdiyini” qeyd edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz uzaqgörənliyi, zəngin təcrübəsi, etikası və peşakarlığı ilə Münxen Təhlükəsizlik Konfransında Paşinyanı aciz vəziyyətə saldı.

Salayev Kamal

AMEA-nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

Check Also

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə …