Çərşənbə , 30 Oktyabr 2024
Drone Cameras

Paşinyanın tələsik ölkəni tərk etməsinə səbəb nə idi? ÖZƏL – AÇIQLAMA

“Ermənistanın Baş naziri Nikol Paşinyan səfər çərçivəsində özünü “ağlı başına gəlmiş” kimi göstərməklə yenə manevr etmək və əsas diqqəti cəbhə xəttindən başqa beynəlxalq məsələlərə yönəltmək istədi”. Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan Ermənistanın Baş naziri seçiləndən etibarən bu günə qədər qədər heç bir normal addım atmayıb və müxtəlif mövqelərdən çıxış edərək publikanı aldatmaqla, qeyri-peşəkarlıqla imitasiya ilə məşğul olub:

“Paşinyan Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun Ermənistanın təxribatlarına layiqli cavab verildiyini gördü. Artıq ölkədə rüsvay olduğunu bilən Paşinyan qısa zaman ərzində Azərbaycan ilə dost olan ölkə Belarusa səfər etdi. Bəyanat verdi ki, sülh danışıqlarından başqa müharibənin alternativi yoxdur. Azərbaycan həmişə bunu səsləndirmişdir ki, bir qarış da olsun torpağınlarından əl çəkməyəcək. Azərbaycan Respublikası Prezidentinin də qeyd etdiyi kimi ərazilərimizdə ikinci bir erməni dövlətinin yaranmasına heç bir zərurət və ehtiyac yoxdur. Bu xalqın bir dövləti var və elə o da zamanında Azərbaycan torpaqları üzərində qurulub. Lakin bu gün ölkəmiz heç bir işğal faktı ilə barışa bilməz”.

Rufiz Qonaqov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan səfər çərçivəsində özünü “ağlı başına gəlmiş” kimi göstərməklə yenə manevr etmək və əsas diqqəti cəbhə xəttindən başqa beynəlxalq məsələlərə yönəltmək istəyib:

“Paşinyanın əsas məqsədi onu göstərmək idi ki, guya Ermənistan sülh istəyir, Ermənistan müharibə aparmaq istəmir və danışıqlara getmək istəyir. Əslində bunun özü bir daha Paşinyan tərəfindən etiraf idi ki, burada söhbət Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsindən gedir. Tovuz istiqamətində gedən döyüşlərdən də aydın oldu ki, müharibə Azərbaycanla Ermənistan arasında gedir, Paşinyanın vaxtilə səsləndirdiyi kimi hansısa qondarma Dağlıq Qarabağ və Azərbaycan arasında getmir”.

QHT sədri qeyd edib ki, Paşinyanın atdığı addımlar onun qeyri-peşəkar siyasətçi olduğunu göstərir və erməni xalqını uçuruma aparır:

“Son döyüşlərdən, Ermənistanın rüsvayçı məğlubiyyətindən və xeyli sayda itki verdikdən sonra, baxmayaraq ki, Ermənistan bunu indi də gizlədir, Paşinyanın tələsik ölkəni tərk edərək Belarusa getməsi və guya orada Ermənistanı təmsil etməsinin arxasındakı məqsəd “Azərbaycan və Ermənistan arasındakı danışıqların sülhdən başqa alternativi yoxdur” mesajını verməkdən ibarət idi”.Müəllif: Nigar Məmmədova

Check Also

Aqil Abbas üsyan etdi-“Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir”

“Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib” Oktyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib. …