Bu gün Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında mübarizəyə başlayacaq.
“Boyukmillet.com”un məlumatına görə, qış idman növləri üzrə yığmanın üzvü kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınayacaq. O, ölkəni qış paralimpiadasında təmsil edən ilk azərbaycanlı kimi tarixə düşəcək.
Ramazanzadə Bakı vaxtı ilə saat 06:00-da başlayacaq yarışa sonuncu – 38-ci sırada çıxacaq. Lakin mübarizənin startınadək sıralama dəyişə bilər.
Təsnifat mərhələsinin yekununda ilk “16-lığ”a düşən iştirakçılar yarımfinala yüksələcəklər. Bu mərhələdə isə ən yaxşı göstəriciyə malik 8 idmançı finala adlayacaq.
Qeyd edək ki, Mehman Ramazanzadə Pekin-2008 Yay Paralimpiya Oyunlarının da iştirakçısı olub. O, həmin vaxt pauerliftinqdə qüvvəsini sınayıb. Bundan başqa, Ramazanzadə 2019-cu ildə paravelosiped idman növü üzrə dünya çempionatında mübarizə aparıb.
Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq.