Perunun rəsmi dövlət qəzeti “El Peruano”da azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış jurnalist, Peru Jurnalistləri Federasiyasının vitse-prezidenti Rikardo Sançezin müəllifi olduğu “Bakıdakı muzeydə 10 mindən çox Azərbaycan xalçası sərgilənir” başlıqlı məqaləsi dərc olunub.
Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, yazıda 1967-ci ildə Bakının İçəri Şəhər ərazisində dünyada ilk xalça muzeyinin əsasının qoyulduğu, 2014-cü ildən isə həmin muzeyin 10 mindən çox xalçanın sərgiləndiyi bu günkü Azərbaycan Milli Xalça Muzeyi olaraq fəaliyyətini davam etdirdiyi bildirilir.
Qeyd olunur ki, xalçaçılıq ənənəsi türk xalqlarına məxsus qədim sənətkarlıq növüdür və fars xalçaları kimi tanınan əsərlərin də müəllifləri məhz türk xalqları olub.
Muzeydə Azərbaycan hökuməti tərəfindən dünyanın müxtəlif yerlərində tapılaraq vətənə qaytarılan xalçalarla yanaşı, 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından qısa müddət öncə Şuşa Tarix Muzeyindən gətirilmiş, habelə məcburi köçkünlərin özləri tərəfindən də xilas edilərək muzeyə təqdim olunmuş xalçaların sərgiləndiyi qeyd olunur.
Məqalədə Azərbaycanda mövcud olan müxtəlif xalçaçılıq məktəbləri, o cümlədən Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz məktəbləri, həmin məktəblərə xas toxuculuq üslubu, istifadə olunan ölçülər, naxışlar, rənglər, xalçalar üzərində əks olunmuş fiqurlar və onların rəmzi mənası və xalçaların istifadə təyinatı haqda ətraflı məlumat verilir.