Şənbə , 10 Yanvar 2026
Drone Cameras

PKK Türkiyədən bütün qüvvələrini çıxarır

Kürdüstan Fəhlə Partiyası (PKK) bazar günü bəyan edib ki, silahlı qüvvələrini Türkiyədən İraqın şimalına çəkir. Bu addım təşkilatın silahsızlanma və siyasi inteqrasiya prosesinin bir hissəsi kimi qiymətləndirilir.

Bu barədə “Reuters” agentliyi yazıb.

Təxminən 40 ildir Türkiyəyə qarşı silahlı mübarizə aparan PKK-nin fəaliyyətləri nəticəsində 40 mindən çox insan həlak olub. Təşkilat bu ilin mayında 76 yaşlı, hazırda həbsdə olan lideri Abdullah Öcalanın çağırışından sonra silahı yerə qoymağa qərar verib.

PKK: “Azad və demokratik həyat üçün addım atırıq”

İraqdan yayılan bəyanatda PKK bildirib ki, qüvvələrin geri çəkilməsi “azad, demokratik və qardaşcasına bir həyat” qurmaq məqsədini daşıyır və silahsızlanma ilə inteqrasiya proseslərini irəli aparmaq üçün atılan addımdır.

Təşkilat Ankaranı bu keçidi asanlaşdırmaq üçün hüquqi və siyasi addımlar atmağa çağırıb:

“Demokratik siyasətdə iştirak üçün azadlıq və demokratik inteqrasiya qanunları gecikmədən qəbul edilməlidir”, – deyə bəyanatda qeyd olunub.

PKK-nın rəhbərlərindən Sabri Ok isə jurnalistlərə açıqlamasında bildirib:

“Biz yalnız amnistiya deyil, bu prosesə uyğun qanunlar istəyirik”.

Təşkilat artıq Türkiyədəki kürd azlığının hüquqlarını demokratik vasitələrlə müdafiə etmək niyyətində olduğunu bəyan edib.

PKK son illərdə Türkiyənin cənub-şərq sərhədlərinin o tayında – İraqın şimalında yerləşən bazalarda fəaliyyət göstərirdi. Türkiyə ordusu bu bölgələrdə əməliyyatlarını davam etdirir və bir neçə hərbi mövqe yaradıb.

Ankaradan ilk reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik sosial şəbəkə “X”-də yazıb ki, PKK-nın qərarı hökumətin “terrordan azad Türkiyə” hədəfinin konkret nəticəsidir.

Onun sözlərinə görə, bu addım parlament komissiyası tərəfindən hazırlanacaq hüquqi islahatlar üçün “müsbət çərçivə” yaradır.

48 üzvdən ibarət komissiya həmçinin 26 ildir İmralı adasında təkadamlıq kamerada saxlanılan Abdullah Öcalanın gələcək taleyinə qərar verəcək. PKK isə onun azadlığa buraxılmasını tələb edir.

Regional təsirlər

PKK ilə Türkiyə arasındakı silahlı münaqişənin sona çatması region üçün də geniş nəticələr doğura bilər. Xüsusilə Suriyada vəziyyətə təsir göstərəcəyi ehtimal olunur.

ABŞ-nin Suriyadakı kürd qüvvələrinə, Türkiyənin PKK-nin qolu hesab etdiyi YPG-yə verdiyi dəstək uzun müddətdir iki NATO müttəfiqi arasında gərginliyə səbəb olurdu. PKK-nin geri çəkilməsi bu gərginliyi azalda bilər.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …