Xəbər verdiyimiz kimi, dünən Qəbələ rayonundakı mərkəzi küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib.
“Polad Həşimov küçəsi” yazılan lövhə dünən küçədə yerləşdiriləndən sonra sosial şəbəkələrdə bir ajiotaj yaşanıb.
Boyukmillet.com-un məlumatına görə, bu ajiotaja səbəb Qəbələdki general Həzi Aslanov küçəsinin adının dəyişdirilərək Polad Həşimov küçəsi edilməsi barədə xəbərin tirajlanması idi. Ardınca kimlərsə bunun yanlış olduğunu, əslində İsmayıl bəy Qutqaşınlı küçəsinə Polad Həşimovun adının verildiyini iddia etdi ki, bu da sosial şəbəkə izləyicilərində mənfi reaksiya doğurdu.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov bu gün məsələyə dair açıqlama verib.
“Qəbələdə şəhid general-mayor Polad Həşimovun adının rayonun ikinci ən böyük küçəsinə verilməsi bir sıra KİV-lərdə yanlışlıqla işıqlandırılıb. Bir sıra KİV-lər məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub. Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl bəy Qutqaşınlı küşəsinin bir hissəsinə verilib. Səhvə yol verən KİV-lərdən məlumatı düzəltməyi xahiş edirəm”, – Agentlik rəsmisi bildirib.
Bu isə o deməkdir ki, hazırda Qəbələdə həm Həzi Aslanov, həm İsmayıl bəy Qutqaşınlı, həm də Polad Həşimov küçəsi var.
Xatırladaq ki, iyulun 30-da Qəbələ rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Qəbələnin Vəndam kəndində doğulmuş şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün rayonun küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıq vermişdi.