Cümə , 22 Noyabr 2024
Drone Cameras

Politoloq: “TDT sammiti türk dövlətləri arasında əməkdaşlığın inkişafına mühüm töhfə verib”

“Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşü türk dövlətləri arasında gələcək əməkdaşlığın inkişafına və möhkəmlənməsinə mühüm töhfə verib”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu, təşkilatın transformasiyasından sonra keyfiyyətcə yeni səviyyədə keçirilən ilk sammit idi: “Bununla əlaqədar türk dövlətlərinin katibliyinin strukturunun təkmilləşdirilməsi zərurəti yaranıb, iqtisadi və siyasi dialoqun inkişafı üçün yeni məqsədlər qoyulub”.

İ.Vəlizadə xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev aktual mövzular sırasına yenilərin əlavə olunmasını təklif edib: xüsusən də təhlükəsizliyin təmin edilməsi və hərbi-texniki əməkdaşlıq məsələləri barədə: “Dünyada və regionda qeyri-sabitliyi nəzərə alsaq, təşkilatda dövlətlər üçün müəyyən perspektivlər var”.

Politoloq vurğulayıb ki, sammitdə getdikcə aktuallaşan ərzaq təhlükəsizliyi məsələlərinin həlli zərurəti kontekstində kənd təsərrüfatı sahəsində əlaqələr sisteminin təkmilləşdirilməsi təklif edilib.

O, humanitar əməkdaşlığın da diqqət mərkəzində olduğunu əlavə edib: “Türk dövlətlərinin mədəni-humanitar əlaqələrini inkişaf etdirmək istəyinin daha bir sübutu 2023-cü ilin Türk Sivilizasiyasının Yüksəlişi İli elan edilməsi qərarıdır”.

Politoloq bildirib ki, sammitdə qəbul edilən mühüm qərar Şimali Kiprin TDT-yə müşahidəçi statuslu üzv qəbul edilməsi olub: “Bu qərar türk birliyi dövlətlərindən kənarda yaşayan türk xalqlarının humanitar əməkdaşlığının inkişafı üçün mühüm amildir. Azərbaycan Prezidenti vurğulayıb ki, türk dövlətlərindən kənarda yaşayan türklərin hüquq və azadlıqlarının təmin olunması üçün səylərə ehtiyac var”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …