Cümə , 22 Noyabr 2024
Drone Cameras

Postmüharibə dövrü Azərbaycanın həqiqətləri dünya miqyasında diasporumuzun fəaliyyət müstəvisində -Türkiyə nümunəsi…

Müharibə təkcə döyüş meydanında deyil, həm də getdikcə savaş meydanına çevrilən informasiya məkanında aparılmalıdır. İşğalçı Ermənistan müxtəlif istiqamətlərdə siyasi-diplomatik və informativ təxribatlara əl ataraq, uzun illər beynəlxalq ictimaiyyətə dezinformasiya, həqiqətə uymayan məlumatlar yaymaqla məşğul olub və yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etməyə çalışıb. Azərbaycan həqiqətlərini dünyaya sübut etmək və beynəlxalq aləmin diqqətinə çatdırmaq olduqca vacib məsələdir. Bu dövrdə ölkə Prezidentinin nüfuzlu xarici televiziya kanallarına və mətbuat orqanlarına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın edərək Azərbaycanın haqq işinin bir daha dünya xalqlarının diqqətinə çatdırılmasına səbəb oldu.

… Bizi qələbəyə aparan yolda əsas güc mənbəyimiz birliyimiz oldu…

Artıq bir neçə gündür ki, Azərbaycan xalqı Böyük Qələbənin sevincini yaşayır. Azərbaycan Ordusu cəmi 44 günlük müharibə nəticəsində misli görünməmiş qəhrəmanlıq göstərərək, 30 ilə yaxın müddətdə işğal altında olan tarixi ərazilərimizi mənfur düşməndən azad etdi. Xalqımızın 30 illik intizarına və həsrətinə son qoyuldu. Eyni zamanda 44 gün müddətində “Qarabağ Azərbaycandır!” devizi altında ölkə başçısının  açıq və səmimi müraciətləri, bir sıra xarici ölkələrin televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərinə verdiyi çoxsaylı müsahibələr əhalidə və Ordumuzda böyük ruh yüksəkliyinin yaranmasında, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında əvəzsiz rol oynadı. Bu inam indiyə qədər bu səviyyədə görünməmiş xalq-iqtidar birliyini formalaşdırdı və bizi qələbəyə aparan yolda əsas güc mənbəyimiz oldu.

QHT-lərin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rolu

Hərbi və siyasi sahədə əldə edilən bu möhtəşəm qələbə ilə yanaşı, təəssüf ki, digər cəbhədə – görünməyən düşmənlə mübarizə hələ də davam edir.

Bu istiqamətdə qeyri hökumət təşkilatlarının da rolu danılmazdır. İstər müharibə dönəmində, istərsə də ondan sonrakı zamanda biz bəzi QHT-lərin bu istiqamətdə aktiv fəaliyyətini görürük. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması  və  bununla bağlı diasporla koordinasiyalı iş ortaya qoyanlardan biri də İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzidir (İSBAM). Müharibənin aktiv fazasının başa çatmasından sonra, məhz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və diaspor fəaliyyətində milli azlıqların iştirakı istiqamətində olan bir layihəni Türkiyədə icra edən İSBAM sədri Samir Adıgözəlli ilə söhbətləşdik.

“Bizim indiki zamanda bundan böyük həqiqətimiz ola bilməz”

O, “Bakı-Xəbər” ə açıqlamasında bildirdi ki, səfər Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan layihə çərçivəsində  həyata keçirilib: “Layihə çərçivəsində  nəzərdə tutulan proqram Azərbaycan diasporunun bizim həqiqətlərin dünyaya çatdırılması ilə bağlı  fəaliyyəti  əhatə edirdi. Ancaq səfərimiz Ordumuzun əldə etdiyi  qələbə dönəmilə üst-üstə düşdüyü üçün biz  proqramımızı, təmaslarımızı bir qədər də zənginləşdirməli olduq. Çünki bizim indiki zamanda bundan böyük həqiqətimiz ola bilməz.  Türkiyənin İstanbul, Kocaeli və Qars şəhərlərində məhsuldar görüşlər keçirdik. Səfərdə məni təşkilatın  rəhbərliyində təmsil olunan Şahin Həsənov müşayiət edirdi. İstanbul şəhərində  “TV-net” adlı televiziyanın canlı yayımında iştirak etdim. Azərbaycanın müharibədə qazandığı zəfər və bundan sonra Ermənistanın imzaladığı kapitulyasiya sənədi ilə bağlı fikirlərimi bölüşdüm, televiziyanın auditoriyasına ətraflı məlumat verdim.  İstanbul şəhərində olan Azərbaycan diasporunun fəalları ilə görüşümüz oldu.

“Həmin tədbirdə sevilən sənətçimiz Azərin xanım da iştirak edirdi”

Sonra Kocaeliyə səfər etdim. Oranın Böyükşəhər Bələdiyyəsinin başqanı ilə görüşdüm. Pandemiya dönəminin olmasına baxmayaraq, həmin şəhərdə  Heydər Əliyev adına Kültür Mərkəzinin təşkilatçılığı ilə böyük bir zəfər bayramı təşkil edildi. Həmin tədbirdə sevilən sənətçimiz Azərin xanım da iştirak edirdi. Türkiyə və Azərbaycanın bayraqları ilə bəzədilən zalda möhtəşəm bir tədbir baş tutdu. Həmin şəhərdə olan dövlət, bələdiyyə nümayəndələri, siyasi partiyaların təmsilçilərinin qatıldığı tədbir coşqu ilə keçdi. Sonra Kocaeli və İzmit şəhərlərinin bələdiyyə başqanları ilə görüşdük. Kocaeli televiziyasında yaımlanan reytinqli verilişlərdən birinin qonağı olduq və baş verənlərlə bağlı ətraflı məlumatımızı bölüşdük. Həmin vilayətdəki universitetlərdə oxuyan tələbələrimiz və diaspor təmsilçilərimizlə görüşlərimiz oldu. Mən  səfərimizin bu hissəsindən çox razı qaldım.

“Bundan sonrakı fəaliyyətimizin və əməkdaşlığımızın  “yol xəritəsi”ni müzakirə etdik”

Sonra Qars şəhərinə səfərimiz reallaşdı. Bilirsiniz ki, Azərbaycan-Ermənistan sərhədinə yaxın olan həmin əyalət olduqca strateji nöqtə sayılır.  Qarsda Azərbaycan adına fəaliyyət göstərən dərnəklərin birgə iştirakı ilə ümumilli lider Heydər Əliyevin həmin şəhərdəki abidəsini  ziyarət etdik. Abidənin önündə  Azərbaycanın qazandığı zəfərlə bağlı  yerli media nümayəndələrinə geniş açıqlamalar verdim. Qarsda fəaliyyət göstərən Azərbaycan dərnəklərinin rəhbərləri ilə toplantı keçirdik. Bundan sonrakı fəaliyyətimizin və əməkdaşlığımızın  “yol xəritəsi”ni müzakirə etdik. Çünki biz artıq qalib ölkəyik və təbiidir ki, Ermənistanın yalan və iftiraları ilə üzləşməli olacağıq. Bunun üçün də planlaşmış fəaliyyətə ehtiyacımız var”. 

“Azərbaycan ordusunun keçirdiyi hərbi əməliyyatlar, qəhrəmanlıqlarla bağlı bir neçə  başqa tədbir də  keçirdik”

İSBAM sədri bildirdi ki, daha sonra onların Qars proqramı çərçivəsində Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyevlə də görüş olub: ”Konsulumuzla son proseslər ətrafında ciddi fikir mübadiləsi apardıq. Qars Azərbaycan Kültür Dərnəyi başqanı Göksel Kayqisiz bəylə görüşümüz oldu. Kürəsəl Qəzeteciler Birliyinin Qars bölgə başqanı Ercüment Daşdelen bəylə səmimi görüş baş tutdu. AK Partiya Qars İl başqan yardımçısı Turqut Zaman bəylə görüşdük. Qars Şəhid və Qazilər dərnəyinin sədri  Muhsin Ağçay bəylə də təmaslarımız baş tutdu.  Bütün dərnək rəhbərlərinin iştirakı ilə təşkil edilən dəyirmi masada Ermənistanın təcavüzkar siyasəti və 30 il ərzində Dağlıq Qarabağ və Azərbaycanın 7 rayonunu işğal altında saxlaması, ATƏT-in Minsk qrupunun bu  problemin həlli ilə bağlı apardığı missiyanın nəticəsiz olması və Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan haqlarını bərpa etmək üçün hərbi əməliyyatlar aparması ilə bağlı  geniş məlumat vedik. Azərbaycan ordusunun keçirdiyi hərbi əməliyyatlar, qəhrəmanlıqlar haqqında bir neçə başqa tədbir də  keçirdik. Tədbirə toplaşan  ictimaiyyət nümayəndələrinə geniş bilgilər verərək qeyd etdik ki, Azərbaycan çoxmillətli dövlətdir, burada yaşayan azsaylı xalqların – rusların, ukraynalıların, talışların, ləzgilərin, tatların, avarların, yəhudilərin və digərlərinin öz milli-mədəni haqları, dini azadlıqları təmin olunub. Təsadüfi deyil ki, Azərbaycanın tam qələbəsi ilə başa çatacağı  heç bir şübhə doğurmayan Vətən savaşına həmin xalqlar da dəstək verməklə, döyüş meydanlarında  Azərbaycan xalqı ilə birlikdə qəhrəmanlıq dastanları yazdılar.  Azərbaycanda yaşayan bütün insanların birliyi  bu savaşı qələbəyə aparan ən önəmli faktor oldu”.

“Mənim üçün bu səfər əvvəlkilərdən tam fərqli təəssüratlar yaratdı”

 Qurum sədri bildirdi ki, hətta Qars Spor Klubunu da ziyarət ediblər: ” Bizi çox böyük hörmətlə qarşıladılar. Mən uzun illərdi ki, Türkiyə ilə təmasdayam. Qardaş ölkə olsa da, bu dəfə tam fərqli bir münasibət gördüm. Doğrudan da qalib bir ölkənin vətəndaşı kimi xaricə səfər etməyin başqa avantajı varmış. Arzu edirəm ki, bu möhtəşəm hissi hər kəs yaşasın. Həqiqətən insan böyük  qürurla gəzir. Təsəvvür edin ki, tramvaya, taksiyə, avtobusa minəndə Türkiyənin bayrağı ilə birlikdə Azərbaycanın da bayrağını görürsən. Azərbaycandan olduğumuzu bilən kimi sevinclərini bizimlə bölüşürlər. Buna görə də, mənim üçün bu səfər əvvəlkilərdən tam fərqli təəssuratlar yaratdı”.

“Azərbaycan diasporunu erməni terrorundan qorumaq üçün…”

 Samir Adıgözəllinin sözlərinə görə, Azərbaycan diasporunun yaşı təxminən 100 ildir. Bu illər ərzində onun formalaşmasında çox ciddi problemlər olub: “SSRİ-nin yaranması ilə diasporda nəsil dəyişməsi prosesi dayanıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun tərkibi yenilənib, gəncləşib, hədəfləri aydınlaşıb. Hazırda Azərbaycan diasporunun başlıca hədəfləri Qarabağ həqiqətlərini, Ermənistanın işğalçı olduğunu yaşadıqları ölkənin cəmiyyətinə və dünya ictimaiyyətinə çatdırmaq, habelə Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini təbliğ etməkdən ibarətdir.

Ermənilər öz hakimiyyətlərinin işğalçı və təxribatçı mahiyyətini ört-basdır etməkdən ötrü Azərbaycana qarşı çıxışlar etdilər. Erməni vandallarının ölkəmizin diplomatik missiyalarının binası önündə aksiyalarının qarşısı soydaşlarımız tərəfindən bir qayda olaraq alınıb. Azərbaycanlıların keçirdiyi mitinq və piketlərə ermənilər hücum çəkir, onlara fiziki güc tətbiq edirlər. Əvvəllər belə hadisələr, demək olar ki, çox nadir hallarda baş verirdi. Son zamanlar belə halların sayı artıb.

Azərbaycan diasporunu erməni terrorundan qorumaq üçün, ilk növbədə, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Diasporla İş üzrə Komitəsinin birgə fəaliyyət göstərməsi zəruridir”.

“Bizm layihəmiz də məhz bu məqsədlə icra edilirdi ki…”

Müsahibimizin sözlərinə görə, bundan sonrakı proseslərdə biz daha məsuliyyətli olmalı və diaspor, informasiya sahəsində yalnız müdafiə olunmamalıyıq, hücuma keçməliyik: “Bu istiqamətdə türk və Cənubi Azərbaycandan olan diaspor təşkilatları ilə koordinasiyalı fəaliyyəti daha da genişləndirməliyik. Bizm layihəmiz də məhz bu məqsədlə icra edilirdi ki, biz erməni yalanlarına qarşı qardaş Türkiyə ilə birlikdə mübarizə aparaq. Türkiyə hər zaman bizim yanımızdadır. Biz bu möhkəm birliyi QHT və diaspor sahəsində də gercəkləşdirməliyik”.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …