“Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib.
“Dünya dəyişib və bu dəyişikliklərin hansı axımla gedəcəyi bu amillərdən asılıdır – Ukraynada müharibə nə qədər müddət davam edəcək, bu savaşın sonu necə bitəcək, dünyadakı və təbii ki, regiondakı güclərin balansı hansı şəkildə olacaq? Yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq. Çünki bizim ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır. Odur ki, biz vəziyyətə nəzarət edirik. Təbii ki, addımlarımızı öz strategiyamıza uyğun atacağıq. Eyni zamanda, biz dünyanın dəyişməsi faktına əhəmiyyət verməyə bilmərik. Həmçinin beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük. Bu beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi”, – dövlət başçısı vurğulayıb.