Cümə , 29 Mart 2024
Drone Cameras

Prezident İlham Əliyev: Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olublar

Prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Boyukmillet.com xəbər verir ki, təbrikdə dövlətimizin başçısı Azərbaycan qadınlarının tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olduqlarını bildirib. Prezident qeyd edib ki, xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində qadınların misilsiz xidmətləri var. Yeni cəmiyyət quruculuğu şəraitində ictimai fəallıqlarını gücləndirərək sosial-mədəni həyatda yaxından iştirak etmələri Azərbaycan qadınlarının yüksək intellektual səviyyəsinin aydın təzahürüdür. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra da onlar sosial fəallıqları ilə seçilib, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazanıblar. Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər.

Təbrikdə qeyd edilib ki, respublikamızda təşəbbüskar qadınlarımızın öz yaradıcı potensiallarını gerçəkləşdirmələri üçün əlverişli zəmin mövcuddur. Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətləri ilə onlar yeniləşən ölkəmizin ahəngdar yüksəlişinin təmin edilməsində əhəmiyyətli rol oynayırlar. Qadınlarımızın hazırkı ictimai mövqeyi və işgüzar nüfuzu vahid məfkurə ətrafında birləşmiş cəmiyyətimizin mühüm reallıqlarından biridir.

“Əminəm ki, siz hər zaman olduğu kimi bundan sonra da övladlarımızın milli mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək və Azərbaycanın inkişaf salnaməsinə parlaq səhifələr yazacaqsınız. Bayramınız mübarək olsun!”, – deyə dövlətimizin başçısı təbrikdə bildirib.

Check Also

NATO-nun keçmiş baş katibi Ermənistandan rüşvət alıb

Hikmət Hacıyev Rasmussenə hansı bədnam əməllərini xatırladır? Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət …