Cümə , 22 Noyabr 2024
Drone Cameras

Prezident İlham Əliyev Tayhu Dünya Mədəniyyət Forumunun iştirakçılarına müraciət edib

Çinin Benbu şəhərində Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransı başlayıb.

Boyukmillet.com xəbər verir ki, Çində mədəniyyət sahəsində ən böyük tədbir olmaqla yanaşı, dünyada da bu istiqamətdə nüfuzlu müzakirə platformalarından olan Tayhu Forumunun builki devizi “Sivilizasiyaların qarşılıqlı öyrənilməsi: bəşəriyyət üçün birgə gələcəyin qurulması”dır. Forumun tarixində ilk dəfədir bir dövlət “Fəxri qonaq ölkə” statusunda iştirak edir.

Son illər dünyada nüfuzu sürətlə artan Azərbaycan Tayhu Forumunun ilk “Fəxri qonaq ölkəsi”dir. Bundan başqa, Heydər Əliyev Fondu Forumun təşkilatçıları sırasındadır.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov oktyabrın 12-də açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransının iştirakçılarına müraciətini videoformatda çatdırıb. Müraciətdə qeyd olunub ki, Çinin himayəsi ilə keçirilən bu beynəlxalq tədbirin nüfuzu ilbəil artır və Tayhu Forumu dünyanın bir çox ölkəsindən görkəmli siyasətçiləri, alimləri, yaradıcı ziyalıları yenə də bir araya toplamaqla mədəniyyətlərarası dialoqa öz əhəmiyyətli töhfəsini verir. “Çin Xalq Respublikasının sədri cənab Si Cinpinin “Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması” təşəbbüsünə həsr edilmiş builki foruma Azərbaycanın fəxri qonaq statusunda dəvət edilməsi, eləcə də Heydər Əliyev Fondunun tədbirin əsas həmtəşkilatçılarından biri kimi çıxış etməsi məmnunluq doğurur.

“Dünyanın indiki həssas və təlatümlü dövründə “Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması” mövzusunun müzakirəsinə ciddi ehtiyac vardır. Xüsusilə, dünyanı cənginə almış COVID-19 pandemiyasının yaratdığı mürəkkəb vəziyyət və bəşəriyyətin qarşılaşdığı çağırışlar sivilizasiyalararası dialoqun və qarşılıqlı dəstəyin nə qədər vacib olduğunu bir daha təsdiqləyir.

Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri də multikulturalizmdir. Multikulturalizm xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlərdəndir. Məhz bu səbəbdən müxtəlif mədəniyyətlərin nümayəndələrinin bir araya gəlməsini və qlobal problemlərin həlli istiqamətində müzakirələri vacib sayır və Tayhu Forumunun builki toplantısı çərçivəsində də bu məsələlərin diqqət mərkəzində saxlanılacağına inanırıq”, – deyə Prezident İlham Əliyevin müraciətində bildirilib.

Forumun müxtəlif bölmə iclaslarında mədəni müxtəlifliyin təşviqi, “Bir kəmər, bir yol” sivilizasiyanın keçmişi və gələcəyi, iqlim dəyişikliyinə qarşı birgə mübarizə, yoxsulluğun azaldılması, bəşəriyyət üçün birgə gələcəyin qurulmasında elm və texnologiyanın dəstəyi mövzuları müzakirə olunur. Tayhu Dünya Mədəniyyət Forumu Çin hökumətinin dəstəyi ilə 2008-ci ildə yaradılıb. 2011-ci ildən illik iclasları keçirilməyə başlanılıb. Forumda dünyanın bir çox ölkələrindən görkəmli siyasətçilər, ekspertlər, mütəxəssislər, iş adamları iştirak edir.

Qeyd edək ki, budəfəki forum çərçivəsində Tayhu Dünya Mədəniyyət Forumunun mənzil-qərargahının yerləşdiyi “Qədim Məskənlər Parkı”nda Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycan Mədəniyyətinə Pəncərə” adlı milli pavilyonu fəaliyyətə başlayıb.

Əldə olunmuş razılığa əsasən Azərbaycan pavilyonu uzunmüddətli əsasda fəaliyyət göstərəcək. Çinin ən iri turizm layihələrindən olan “Qədim məskənlər” mədəniyyət parkını hər il ziyarət edəcək milyonlarla qonaq bu pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, müasir həyatı barədə ətraflı məlumat əldə edə biləcək. Forum iştirakçılarına Azərbaycan pavilyonunun təqdimatı edilib, “Spirit of Azerbaijan” adlı videoçarx nümayiş olunub. Pavilyonun açılışı ilə bağlı rəsmi sənədi Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Çen və Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı imzalayıblar.

“Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması” mövzusunda keçirilən plenar sessiyasında isə Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri video formatda çıxış edib. Plenar sessiyada, eyni zamanda Anhoy əyalətinin qubernatoru, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi, ÇXR-ın sabiq xarici işlər naziri, Çili və İspaniyanın sabiq dövlət və hökumət başçıları, eləcə də UNESCO-nun sabiq baş direktoru İrina Bokovanın çıxışları olub.

Oktyabrın 13-dək davam edəcək forum çərçivəsində “Dünyada mədəni müxtəlifliyin təbliğ edilməsi və bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması”, “Elmi-texnoloji tərəqqi bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması üçün yardımçı kimi çıxış edir” və digər mövzularda paralel sessiyalar da keçiriləcək.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …