İyunun 12-də Ermənistan Azərbaycanın Ağdam rayonu üzrə 97 min, iyulun 3-də isə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Əvəzində atəşkəs elan olunan 10 noyabr sazişindən sonra Azərbaycan ərazsinə teror və təxribat törətmək üçün keçmiş və Silahlı Qüvvələrimizin əsgərləri tərəfindən tərkisilah edilərək, saxlanılmış 30 terrorçunu geri qaytarıb.Təbii ki, mina xəritələrinin təqdim olunması Ermənistanın sülhpərvər, humanist addımı deyil, müharibədə məğlub olan bu dövlətin Azərbaycana zərbə vurmaq, ziyan törətmək üçün assimetrik metodlarından biri, siyasi şantaj və növbəti siyasi alver gedişdir. Biz 30 il Ermənistanın “Siz Qarabağın müstəqilliyini tanıyın, biz sizə sizin öz ərazilərinizi təhvil verək” siyasi alver və şantaj təklifini yaşamışıq. İndi isə növbəti mərhələ başlayıb, özü də beynəlxalq hüquq və normalara zidd, insan hüquqlarına saymazyana, açıq terror təhdidilə.
Əslində 10 noyabrda 3 dövlətin rəhbərinin imzaladağı atəşkəs sazişindən (Ermənistanın kapitulyasiya aktından) sonra erməni tərəfi Azərbaycana minalarla bağlı məlumatları təqdim etmək istəmir, gah belə xəritələrin yoxluğunu dilə gətirir, gah da terrorçuların azad edilməsinin müqabilində mümkünlüyünü deyirdilər. Hətta absurd səviyyədə cığallıqla. Təsəvvür edin ki, Ermənistanın hökumət başçısı Nikol Paşinyan bütün mina xəritələrinin Azərbaycana verilməsi haqda müxalifətin ittihamlarından qaçmaq üçün çəkinmədən “Biz minalanmış ərazilərin xəritələrini ötürmüşük (Azərbaycana), lakin bu, bizdə olan xəritələrin çox kiçik hissəsidir. Deyə bilməzdim ki, əhəmiyyətsiz, lakin kiçik hissəsidir”,- söyləyirdi. Halbuki, onun mina xəritələrinin mövcudluğunu təsdiq etməsi bir neçə ay öncə ölkəsinin digər rəsmilərinin verdiyi bəyanatla daban-dabana ziddir. Onda ölkənin Xarici İşlər Nazirliyi bildirirdi ki, Ermənistanda elə xəritələr mövcud deyil. Sanki dövlət yox, absurd teatrıdır.
Buna səbəb nədir? Azərbaycanın işğal olunmuş Cəbrayıl, Füzuli və Zəngilan ərazasizində 2016-cı ildən bəri mina toxumları səpilibsə, digər üç rayon – Kəlbəcər, Ağdam və Laçında atəşkəs sazişi imzalanandan sonra basdırılıb. Tələm-tələsik, sürətlə. Və bu ərazilərin minalanmış xəritəsini 10 noyabr sazişindən sonra Azərbaycana təxribat törətmək üçün gəlmiş, haqlı olaraq həbs edilmiş terrorçuların azad olunması müqabilində təqdim etməyi şərt kimi qoyur. Təkrar edirik: Ermənistan tərəfi 10 noyabr sazişindən sonra basdırdığı minaların xəritələrini 10 noyabr sazişindən sonra Azərbaycana gəlib, burada diversiya və terror törətmək istəyən bir qrup peşəkar hərbçinin azadlığı müqabilində təqdim edəcəyini bildirir. Tam bir terrorçu tələbi. Bəllidir ki, saziş imzalanandan əvvəl, ya sonra minaların basdırılması və bundan siyasi şantaj predmeti kimi istifadə edilməsi terrorizmin təzahürüdür. Əgər mina “səpilməsi” prosesi (partlayıcı maddələrlə torpağın hər kv.metrinin yüksək dozada çirklənməsi mütəxəssislər tərəfindən təsdiqlənib) saziş imzalanandan sonra, digər suveren ölkənin ərazisində baş veribsə bu artıq beynəlxalq terrorizmdir.
4 iyul 2021 tarixində Kəlbəcərdə peşəkar fəaliyyətini yerinə yetirən 2 azərbaycanlı jurnalist erməni diversantları tərəfindən basdırılmış minaya düşərək, həlak oldular. Bu, Azərbaycan cəmiyyətini çox sarsıtdı. Xəbərin acısını çəkdiyimiz vaxt Ermənistan tərəfdən ikinci zərbə gəldi. Bu dəfə vaxtilə Ermənistan ordusunda yüksək vəzifə tutmuş, hazırda ABŞ-da yaşayan, polkovnik Koryun Qumaşyanın açıqlaması ilə elə bir mina partlatdı ki, nəinki özünün terrorçu simasını göstərdi, hətta ölkəsinin cinayətkar mahiyyətini ortaya qoydu. Açıqlamada deyilirdi: “Mən və kontingentim Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırmışıq, siz həmin minalara görə o rayonlarda heç nə edə bilməzsiniz. Hərbi əsirlərimizi bizə qaytarın, mina xəritəsini təqdim edək”.
Erməni polkovnik bu açıqlama ilə demək istəyirdi ki, Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin minalanması prosesi mütəşəkkil qaydada aparılıb. Bu məqamda diqqət yetirməli olduğumuz iki ciddi tezis yaranır. Bunlardan birincisi Ermənistanın terror ədası, ritorikası və şantaj yolu ilə danışmağıdır.
Bu məsələyə bir az əhatəli baxaq.
Açıq iddia edirik və sübut etməyə hazırıq ki, mina terrorunun həyata keçirilməsi və minalanmış ərazilərin xəritələrinin gizlədilməsi hərbi cinayət kateqoriyasına aid siyasi sabotaj olmaqdan çox, açıq terror təhdiddir. Baxmayaraq ki, həmin xəritələrin Azərbaycana verilməsi həm strateji zərurət, həm də hüquqi öhdəlik, beynəlxalq hüquq normaları əsasında qəbul edilmiş müvafiq konvensiyaların konkret tələbidir, bütün bunlara rəğmən, mina terroru + “xəritə oyunu” bütövlükdə regional təhlükəsizliyə ciddi təhdidlər yaradan neqativ faktordur. Ona görə də, bu məsələ dünya ictimaiyyətini ciddi şəkildə narahat etməlidir. Müvafiq beynəlxalq təşkilatlar, mühüm təsir imkanlarına malik olan geosiyasi güc mərkəzləri, dünya liderləri müvafiq reaksiyanı verməli, daha ağır nəticələri önləmək üçün siyasi iradə nümayiş etdirməlidilər. Çünki, bu dövlət 100 ildir ki, terrorla, siyasi şantajla, təhdidlə dünyadan nəsə tələb edir. Bu “nəsə”lər bir gün həmin qapıları döyəcək.
Ənənəvi terror tələbləri necə olur? Metodlar dəyişməyib: bir ölkə vətəndaşları tərəfindən başqa dövlətin ərazisində terror aksiyalarının keçirilməsi, girovların götürülməsi, hökumətə tələblərin irəli sürülməsi, xarici dövlətlərdən birinə getmək üçün zəmanət alınması, öz geosiyasi və başqa məqsədlərini həyata keçirmək üçün xarici dövlətlərin terrorçularını himayə etməsi və s. Mina terroru və diversantların azad edilməsi müqabilində mina xəritələrinin təqdim edilməsi tələbinin irəli sürülməsi, sizcə, terror metodikası deyil?
Yazının bu hissəsində təkcə ötən əsrin 81-91-ci illərində erməni terrorizmi nəticəsində baş tutan, tələb qoyulan, kütləvi insan tələfatı ilə nəticələnən bir neçə faktı xatırladaq. Nəticəni özünüz çıxarın. Burada yalnız hadisəni öz üzərinə götürmüş erməni terror təşkilatlarının tələblərini xatırladacağıq. Beləliklə:
22 mart 1982-ci il. Kembric, Massaçusets ştatı, ABŞ . Türkiyənin Bostondakı fəxri konsulu Orxan Gündüzün ofisi partladılmış, nəticədə konsul ağır yaralanmışdı. Partlayışa görə məsuliyyəti CSAQ erməni terror təşkilatı öz üzərinə götürmüşdü. ABŞ ərazisində erməni terror təşkilatlarının fəaliyyətinin genişlənməsi ölkə hökumətinin narahatlığına səbəb olmuşdu. Aşağıda ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini F.S.Ayklın 1982-ci il 11 mart tarixli bəyanatından parçalar verilir: “…Ən təhlükəli və bununla belə, diqqətdən kənarda qalmış terror hərəkatlarından biri – Ermənistanın Azadlığı Uğrunda Erməni Məxfi Ordusu formal olaraq elan edib ki, strateji məqsədi Türkiyənin şərq hissəsini öz nəzarəti altına almağa nail olmaq, onu, necə deyərlər, Türkiyə idarəçiliyindən “azad etmək” və Ermənistan Sovet Sosialist Respublikasına birləşdirməkdir… Erməni Məxfi Ordusunun fəaliyyətinin bilavasitə Moskvadan idarə edilib-edilməməsindən asılı olmayaraq, o, yaxşı hazırlıq keçmiş və günahsız vətəndaşları amansızlıqla qətlə yetirən ordudur. O, Türkiyənin müttəfiqi olan dövlətlərə və qanunpərəst erməni icmasına təhlükə törədir”.
25 noyabr 1979-cu il. Madrid, İspaniya. Amerika avianəqliyyat şirkətinin və “British Airways” şirkətinin Madrid filiallarının binaları qarşısında partlayışlar baş vermişdi. ASALA erməni terror təşkilatı partlayışlara görə məsuliyyəti öz üzərinə götürərək bildirmişdi ki, bu, Türkiyəyə səfərə hazırlaşan Roma Papasına xəbərdarlıq idi… Roma Papasına belə xəbərdarlıq edib, şərt qoyan bir terror fəlsəfəsini təsəvvür edirsinizmi?!
23 dekabr 1979-cu il, Roma, İtaliya. Romada Ümumdünya Kilsələr Şurası yanında qaçqınların məsələləri üzrə mərkəzin (Dina pansionu) binası qarşısında partlayış baş verir. ASALA erməni terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürərək, İtaliyanın hakimiyyət dairələrindən livanlı etnik ermənilər üçün xüsusi güzəştlər tələb edir.
23 dekabr 1979-cu il, Roma, İtaliya. Fransa avianəqliyyat şirkətinin və Amerikanın “Trans World Airlines” avianəqliyyat şirkətinin Romadakı filiallarının ofisləri qarşısında üç partlayış nəticəsində onlarla romalı yaralanır. ASALA erməni terror təşkilatı partlayışlara görə məsuliyyəti öz üzərinə götürərək, bildirir ki, bombalar “Fransada yaşayan ermənilərə qarşı Fransa hakimiyyət dairələrinin repressiya tədbirlərinə cavab tədbiri kimi” partladılıb. Səbəbi gördünüz?
18 fevral 1980-ci il, Roma, İtaliya. İki partlayış nəticəsində üç avianəqliyyat şirkətinin (“Swiss Air”, “Lufthansa”, “El Al”) ofisləri zədələnir. Partlayışlara görə məsuliyyəti ASALA erməni terror təşkilatı öz üzərinə götürür. Roma İnformasiya Agentliyinə anonim telefon zəngi edilərək, bildirilir ki, hər üç aviaşirkətə aşağıdakı səbəblərə görə basqın edilib: a) “Swiss Air” – “Günahsız erməniləri” həbs etməmək üçün İsveçrə hökumətinə xəbərdarlıq; b) “Lufthansa” – “Türkiyə ilə əməkdaşlığa rəvac verən Almaniya hökumətinə cəza” olaraq; c) “El Al” – “Yəhudilərlə əməkdaşlıqla əlaqədar…”
Bəli, Avropanın erməni terrorunun qarşısında əsir-yesir qaldığı həmin illəri xatırlamaq belə ağırdır.
2 yanvar 1981-ci il, Beyrut, Livan. ASALA erməni terror təşkilatı mətbuatda “bütün dünyada İsveçrə diplomatlarına basqınlar etmək” hədə-qorxusu ilə çıxış edir. Bu bəyanat ASALA-nın İsveçrədə həbsxanaya salınmış iki terrorçusuna – Suzi və Aleksə guya pis münasibət göstərildiyinə cavab olaraq verilmişdi. Səbəb və tələb çox gülüncdür. Nə etmək olar, bu, ərköyün erməni tələbidir.
3 fevral 1981-ci il, Los-Anceles, Kaliforniya, ABŞ. Los-Ancelesin xüsusi ekspertlər dəstəsi İsveçrə konsulluğunun girəcəyində pilləkənin altına qoyulmuş bombanı zərərsizləşdirmir. Anonim telefon zəngi bunun “3 oktyabr təşkilatı” erməni terror qrupunun “işi” olduğunu bildirərək, “vəd edir ki, “dostumuz Suzi Maxserecyan” azadlığa buraxılmayınca, bu cür əməllər davam etdiriləcək. İndi siz deyin, bu eşitdiklərinizlə polkovnik Qumaşyanın mina tələbləri arasında nə qədər oxşarlıq var? Eyni deyilmi?
12 noyabr 1981-ci il, Beyrut. Livan. Fransanın Beyrutdakı 3 təsisatının qarşısında eyni zamanda bombalar partladılır: a) mədəniyyət mərkəzi; b) “Air France” şirkətinin binası; c) Fransa konsulunun evi. Müstəntiq Hit U.Louriyə görə, saxta sənədləridən istifadə etməkdə təqsirli bilinərək, Fransanın “Orly” hava limanında həbsə alınmış erməninin şərəfinə “Orli Təşkilatı” adlandırılan terror qrupu məsuliyyəti öz üzərinə götürmüşdü. Terrorçular təxribatlar törətməkdə təqsirləndirilərək, Fransada həbsə alınmış Amerika mənşəli erməni Monte Melkonyanın həbsxanadan dərhal buraxılmasını tələb edirlər. Erməni narkotika alverçisi Nübar Safoyanın bir daha həbs edilməsi də həmin vaxta düşür. Lakin sonra Safoyan Livana təhvil verilmiş və ölkənin ədliyyə nazirinə siyasi təzyiqlər göstərilməsi nəticəsində tezliklə azadlığa buraxılmışdı. Bəli, əfsanəvi terrorçu, əli onlarla, yüzlərlə günahsız azərbaycanlının qanına batmış Monte Melkonyandan söhbət gedir. O, siyasi basqılar və tələblər nəticəsində azadlığa çıxdıqdan dərhal sonra Qarabağa gəlmiş və erməni terror birləşmələrinə rəhbrəlik etmişdi.
21 iyul 1982-ci il, Paris, Fransa. Saint-Scverin meydanında həmişə adamla dolu olan Paris kafesi önündə partlayış nəticəsində 16 fransız ağır yaralanır. Partlayışa görə məsuliyyəti “Orli təşkilatı” erməni terror qrupu öz üzərinə götürərək bəyan edir: “Bu qanlı aksiya 1981-ci il sentyabrın 24-də Türkiyə konsulluğunu ələ keçirmiş dörd erməni terrorçusuna siyasi sığınacaq vermək barədə vədinə əməl etməyən Fransa hökumətindən alınan qisasdır”.
31 mart 1983-cü il. Frankfurt, AFR. ASALA erməni terror təşkilatından bir nəfər Türkiyənin “Tərcüman” qəzetinin Frankfurtdakı şöbəsinə zəng vuraraq, “erməni məsələsi” əleyhinə yazıların dərc edilməsinin dayandırılmayacağı təqdirdə redaksiyanı partlatmaqla hədələyir.
3 mart 1985-ci il, Paris, Fransa. ASALA erməni terror təşkilatından telefonla zəng edib, bütün dünyada Fransanın mənafelərinin təqib olunacağı ilə hədələyirlər. “France Press” agentliyinə edilmiş telefon zəngində səslənmiş hədə-qorxu “Orly”də terror aktlarında iştirak etmiş üç terrorçu barədə hökm çıxarılması ilə əlaqədar Fransa hökumətinə ünvanlanmışdı. Ertəsi gün, 1985-ci il martın 4-də ABŞ-ın dövlət katibi Corc Şults Nümayəndələr Palatasının spikeri Tomas O’Ncylə məktub göndərir. Türkiyə ilə əməkdaşlıq baxımından Amerikanın təhlükəsizlik məsələlərinə həsr olunmuş məktubda “Erməni terrorizmi kimi təhlükəli probleminin” mövcudluğuna işarə edilərək, bildirilir ki, “1975-ci ildən etibarən 50-dən artıq türk vətəndaşı, əsasən, diplomatlar erməni terrorçuları tərəfindən qətlə yetirilib”. ABŞ dövlət katibinin məktubunda daha sonra deyilir: “Təkcə Türkiyə vətəndaşları deyil, bizim vətəndaşlar da erməni terrorçularının qurbanı olurlar. Dörd qətl bizim ərazidə baş verib”.
4 sentyabr 1986-cı il, Paris. Fransa. Paris qatarına qoyulmuş partlayıcı qurğunun detonatoru işə düşməmiş, partlayıcı qurğu vaxtında zərərsizləşdirilir. KSAMEPP terror təşkilatı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edərək, ASALA-nın üç terrorçusunun, o cümlədən, V.Qarabedyanın azadlığa buraxılmasını növbəti dəfə tələb edir. Tələb tanış gəlirmi?
16 sentyabr, 1986-cı il Paris, Fransa. Fransa paytaxtının Montrarnass məhəlləsində KSAMEPP terrorçuları tərəfindən qoyulmuş bombanın partlaması nəticəsində 5 fransız həlak olur və 52 nəfər yaralanır. Daha bir neçə nəfər aldığı yaralardan xəstəxanada keçinir. Cinayətkarlar partlayışlara və qətllərə görə məsuliyyət daşıyan ASALA üzvü V.Qarabedyanın və daha iki terrorçunun həbsdən azad olunması tələbini təkrarlayırlar.
15 oktyabr, 1986-cı il, Beyrut, Livan. ASALA-nın nümayəndəsi Miqran Miqranyan başda olmaqla bu təşkilatın üç üzvü Livanın paytaxtında fransız jurnalistlərilə görüşür və həbsdəki terrorçuların buraxılmayacağı təqdirdə Fransaya qarşı cinayətləri davam etdirəcəklərini bildirirlər. Erməni terror təşkilatının fəal üzvü M.Miqranyan ultimatum verir: “Biz Fransa hökumətindən vədinə əməl etməsini – Qarabedyanın azadlığa buraxılmasını gözləyirik. Əks təqdirdə aksiyalarımızı davam etdirəcəyik və sizi əmin edə bilərik ki, bu aksiyalar daha amansız olacaqlar. ASALA artıq bütün dünyada fransızları hərbi düşmənlər elan edib”.
Və nəhayət, sonuncu fakt 2020-ci ilin oktyabr ayında baş verib. Erməni terror təşkilatları və xüsusi xidmət orqanları müxtəlif ölkələrdə obyektiv və tərəfsiz mövqe tutan KİV əməkdaşlarına, ictimai-siyasi dövlət xadimlərinə qarşı terror və şantaj hədələrini artırırlar. Dağlıq Qarabağ münaqişəsinə nisbətən obyektiv münasibət sərgiləyən Fransanın tf1 televiziyasının, “Liberation” qəzetinin və digər KİV əməkdaşlarının, parlamentin deputatlarının ASALA tərəfindən təhdid edilməsi dünya ictimaiyyətində böyük narahatlıq doğururdu.
(Ardı var)
Sənan Nəcəfov