Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Qərbi Azərbaycan İcması daha bir xarici təşkilatla Əməkdaşlıq Protokolu imzaladı

İqdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Türkiyənin İqdır bölgəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uzun illərdir böyük işlər görür. Təşkilatın dəvəti ilə Türkiyənin İqdır şəhərində olan Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli İqdırdakı Azərbaycan Evini ziyarət etmiş, Dərnəyin başqanı Ziya Zakir Acarla, Dərnəyin qurucuları və üzvləri ilə görüşlər keçirmiş, Dərnəyin fəaliyyəti ilə yaxından tanış olmuşdur.

Dərnəyin başqanı Ziya Zakir Acarla Bakıdakı görüşünü xatırladan Əziz Ələkbərli İqdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi ilə Qərbi Azərbaycan İcmasının Qarabağ və Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və erməni yalanlarının beynəlxalq aləmdə sona qədər ifşası məsələlərində ortaq məram və məqsədə malik olduqlarını xatırlatmışdır.

Əslən Qərbi Azərbaycandan olan Ziya Zakir Acar İqdırda Azərbaycan əsilli çoxsaylı ailələrin yaşadığını, onların hamısının Azərbaycan sevdalı olduqlarını xüsusilə qeyd edərək hər an Azərbaycanın yanında olduqlarını, Azərbaycan-Türkiyə qardaşlığının daha da irəli aparılması yolunda bundan sonra da əllərindən gələni edəcəklərini bildirmişdir.

Dərnəyin fəallarından olan İqdır Universitetnin azərbaycanlı professoru Elman Xəzər (Əliyev) İqdırın Türkiyə coğrafiyasında özəl bir yeri olduğunu, tək Azərbaycana yox, bütün Türk dünyasına açılan qapının burada olduğunu qürurla qeyd etmişdir.

Görüşün sonunda Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli və İqdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar təşkilatlarının İdarə Heyətlərinin onlara verdiyi səlahiyyətlə təşkilatları arasında Qardaşlıq və Əməkdaşlıq Protokolu imzalamışlar.

Check Also

İcma: Mirzoyanın Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükədə olması barədə bəyanatını qınayırıq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı kəskin şəkildə qınayır və …