Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qərbi Azərbaycan İcması şəhid anaları ilə görüş keçirdi

Mayın 3-də Azərbaycan Qaçqınlar cəmiyyəti və Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşəbbüsü ilə Vətən Müharibəsinin Qərbi Azərbaycan əsilli şəhidlərinin anaları ilə bayram görüşü keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcması və Qaçqınlar Cəmiyyətinin sədri, millət vəkili Əziz Ələkbərli başda olmaqla, təşkilatın aparat üzvləri, Qadınlar Şurasının sədri Telli xanım Pənahqızının rəhbərliyi ilə İcmanın qadınlar şurasının bütün üzvləri və şəhid anaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İcma Qadınlar Şurasının sədri Telli Pənahqızı xeyirxahlıq və mərhəmət bayramı sayılan Ramazan bayramı münasibətilə bütün iştirakçıları təbrik edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirən Telli xanım şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıb.

Daha sonra söz millət vəkili Əziz Ələkbərliyə verildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarını diqqətdə saxladığını, verilən müvafiq sərəncam və qərarlar vasitəsilə bu təbəqədən olan şəxslər, onların ailələrin maddi, sosial durumunun hər zaman yüksəldiyini bildirən millət vəkili, bundan sonra da Qərbi Azərbaycan İcmasının bu kimi tədbirlərin təşkilində fəal olacağını diqqətə çatdırdı.

O, qeyd etdi ki, şəhidlər hər zaman qəlbimizdə yaşayacaqlar. Mənfur ermənilərin Qərbi Azərbaycandan – öz yurd-yuvasından didərgin saldıqları insanların Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirakını, habelə qəhrəmanlıq göstərib canlarını fəda etmələrini xalqımız, dövlətiiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Əziz Ələkbərli bir daha analara təşəkkür edib, bu qələbəni onlara borclu olduğumuzu bildirdi.

Şəhid analarının qara yaylıqlarını açmalarını diləyən Telli xanım, onların övlad itkisinə, bala dərdinə şərik olduqlarını və heç bir vaxt canını Vətənimizin müdafiəsi uğrunda fəda etmiş oğulları unutmayacağımızı vurğulayaraq, qonaqları ürək sözlərini eşitmək üçün səhnəyə dəvət etdi.

Çıxış edən şəhid anaları tədbirin təşkilatçılarına təşəkkür edib, hər bir şəhidin həyat yolunu anlatdılar. Qeyd edək ki, tədbirdə şəhidlər – Qəhrəmanov Orxan, Rəfiyev Ülvi, İsmayılzadə Məhəmməd, Qasımzadə Tahir, Qasımlı Muxtar, Hüseynov Orxan, Hüseynov Rövşən, Zeynalov Tural, Süleymanlı Kənan, Mustafayev Nicat, Mustafayev Nurlan və Qasımov Abbasın anaları iştirak ediblər.

Digər çıxışçılar icma üzvlərindən Azadə Novruzova, Lamiyə Əhmədova, Qadınlar Şurası sədr müavini Rəhilə Abdullayeva və s. şəhidlərimiz haqqında ürək yanğısı ilə danışaraq, bir daha şəhid analarına minnətdarlıqlarını bildirdilər. Sonda şəhid analarına təşəkkürnamələr və simvolik hədiyyələr verildi. Görüş bayram süfrəsi arxasında səmimi söhbətlərlə davam etdi.

Tədbirlə bağlı Missiya AZ və Missiya TV-yə açıqlama verən Qərbi Azərbaycan İcması və Qaçqınlar Cəiyyətinin sədri, millət vəkili Əziz Ələkbərli, habelə İcma Qadınlar Şurasının sədri Telli Pənahqızı bu kimi tədbirlərin icma tərəfindən davamlı keçiriləcəyini, Vətən Müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün silsilə layihələr təqdim edəcəklərini də qeyd etdilər.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …