Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Tibb işçilərinin profesional hüquqi müdafiəsinə böyük ehtiyac yaranmışdır

Səhiyyə sistemində ciddi problemlər olduğu barədə uzun müddətdir danışılır. Azərbaycanın səhiyyə sistemində vətəndaşları narahat edən səbəblər hələ də çoxdur. Xüsusən tibbi xidmətlərin keyfiyyətinin aşğı olması əsas bu problemlər sırasındadır. Marqlısı odur ki, səhiyyə işçiləri də üzləşdikləri cox saylı problemlərdən danışır.

Bununla bağlı səhiyyə sistemində mövcud olan bu problemlər və onların həllinə dair tanınmış ekspet Adıgözəl Məmmədovun fikirlərini öyrəndik.

-Adıgözəl müəllim siz ekstremal şəraitdə çalışan insanların sağlamlığının qorunması qaydaları və yolları mövzusunda əyani təşviqat nümunələri, metodiki vasitələr hazırlayaraq, çap etdirmisiz. Səhiyyəmizdəki problemlərlə bağlı da çox saylı araşdırmalar müəllifisiz.

Bu gün əhalinin sağlamlığının qorunması ilə bağlı real vəziyyət nə yerdədir?

Azərbaycanda həyata keçirilən sosial islahatlar kontekstində səhiyyə sahəsində də çox ciddi addımlar atılır. Xüsusən son illər özəl sektorda bu inkişaf gözəçarpacaq dərəcədə genişlənir. Ancaq müşahidələrdən belə aydın olur ki, səhiyyəmizdə bir çox problemlər hələ də öz həllini gözləməkdədir. Xüsusən özəl sektorda çalışan tibb işçilərimizin hüquqi cəhətdən bir çox problemləri mövcuddur. Birincisi, fəaliyyət göstərdikləri özəl müəssisələrdə həkimlərin və orta işçi heyətin hüquqları bəzi hallarda həmin qurumların rəhbərləri tərəfindən kobud şəkildə pozulur və eyni zamanda da xəstə-həkim münasibətləri zamanı yaranmış hüquqi insidentlərdə tibb işçilərimiz haqlı olsalar belə, onların hüquqları yetərincə qorunmur. İkinci bir tərəfdən, özəl sektorda çalışan çoxsaylı tibb işçiləri ordusu bir çox hallarda həmkarlar təşkilatlarının müdafiəsindən kənarda qalırlar. Bu tibb işçiləri müstəqil həmkarlar təşkilatı olmadığına görə dövlət sektorundakı tibb işçilərinin həmkarlar təşkilatı tərəfindən demək olar ki, qorunmurlar. Beləliklə də özəl sektorda fəsaliyyət göstərən çoxsaylı tibb işçiləri kütləsi həmkarlar təşkilatının onlara verə biləcəyi həm imtiyazlardan, həm də müdafiədən yararlana bilmirlər. Bununla yanaşı bir çox hallarda tibb işçiləri xəstələr tərəfindən haqsız ittihamlara məruz qalır, üzücü məhkəmə çəkişmələri ilə qarşılaşmalı olurlar. Belə vəziyyətlərdə həkimlər haqlı olduqları təqdirdə belə, qeyri-peşəkar yanaşmanın zərərləri ilə üzləşmək məcburiyyətində qalırlar.

Səhiyyə işçilərinin özləri bu problemlərin həllinin necə görür?

Avropa dövlətlərində və o cümlədən qonşu Türkiyədə bu cür problemlərin qarşısını almaq üçün həkim-ekspertlərin və bu sahə üzrə ixtisaslaşmış peşəkar vəkillərin cəmləşdiyi fərqli adlı, mahiyyətcə isə hamısı həkimlərin hüquqlarını qoruyan müdafiə cəmiyyətləri fəaliyyət göstərir. Bu tipli cəmiyyətlər nəinki özəl tibbi sektorun mənsublarını, həmçinin dövlət strukturlarında çalışan tibb işçilərini də əhatə edir. Onlar rəsmi surətdə dövlətin tibb sektorunda çalışan və öz vəzifələrini yerinə yetirərkən müəyyən formada yaranmış hüquqi ziddiyyətlərlə qarşılaşan həmin işçilərin də müdafiəçisi qismində çıxış edirlər. Məsələn, hər hansı bir tibbi yardımdan – istər konservativ, istərsə də cərrahi müdaxilədən sonra qoyulmuş diaqnoz və müalicə ilə əlaqəqədar xəstədə və ya Tibbi Sığorta şirkətində hər hansı şübhələr yaranarsa və bu, məhkəmə çəkişmələrinə qədər gətirərsə, yuxarıda qeyd etdiyimiz həkimlərin hüquqlarının müdafiəsi cəmiyyətlərinin peşəkar ekspertləri və vəkilləri dərhal tibb işçisinin mənafeindən çıxış edərək onu hüquqi müstəvidə müdafiə etməyə başlayır. Ona görə ki, bir çox hallarda həkimlər haqlı olduqları təqdirdə belə qeyri-peşəkar yanaşmalar nəticəsində onların hüquqları kifayət qədər qorunmur ki, bu da mübahisəli qərarların qəbul edilməsinə gətirib çıxarır. 

Həkimlərin məsuliyyəti burda necə olmalıdır? 

Əlbəttə, burada heç kim və ya hər hansı qurum həkim səhvlərinə haqq qazandırmağa çalışmır, əgər günahkar tibb işçisidirsə sözsüz ki, nəzərdə tutulan təzminat tibb müəssisələri və ya həkim tərəfindən zərərçəkənə ödənilməlidir. Həkim xəstələrə göstərdiyi tibbi yardıma görə məsuliyyət daşıyır. O, öz işini dövlət qanunları və tibbi standartlar çərcivəsində qurmalıdır. Bu çərçivə daxilində hər bir konkret halda xəstəliyin xüsusiyyətini və xəstənin maraqlarını nəzərə alaraq lazımi profilaktika, diaqnostika və müalicə üsullarını seçməlidir. Zəruri hallarda öz həmkarlarının köməyinə baş vurmalıdır.

Həkim sistematik olaraq professional təkmilləşmə keçməlidir; yadda saxlamalıdır ki, xəstələrə göstərilən yardımın keyfiyyəti heç vaxt onun bilgi və bacarığından yuxarı ola bilməz. Maddi, şəxsi mənfəət motivləri həkimin professional qərarının alınmasına təsir etməməlidirlər.Dərman təyin edilən zaman tibbi göstərişlər və ancaq və ancaq xəstənin marağı nəzərə alınmalıdır.
Xəstənin vəziyyətini çətinləşdirməyəcək mütləq təcili tibbi yardımdan başqa hallarda həkim, əgər özü ilə xəstə arasında qarşılıqlı etibarsızlıq olduğuna əmindirsə, bu patologiyanın müalicəsində özünü lazımi qədər professional bilmirsə, və ya müalicə aparılması üçün lazımi imkanlara malik deyilsə müalicədən imtina edə bilər. Bu və bənzəri hallarda o, mütləq xəstəyə kömək edə biləcək mütəxəssisi tövsiyyə etməlidir.

Həkim xəstənin şərəf və ləyaqətinə hörmətlə yanaşmalı, ona mehriban münasibət göstərməli, şəxsi sirr hüququnu tanımalı, qohum və yaxınlarının narahatlıqlarını normal qarşılamalıdır. Xəstə öz sağlamlığı haqda hərtərəfli məlumat almaq hüququna malikdir, lakin istəyərsə bu məlumatdan imtina edə, vəya məlumat veriləcək adamı göstərə bilər. Əgər veriləcək informasiyanın xəstəyə böyük zərər vermə ehtimalı varsa, o zaman məlumat gizlədilə bilər. Pasyent haqda tibbi məlumat aşağıdakı hallarda açıla bilər: – pasyentin tam anlaşıqlı yazılı razılığı əsasında; – təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının əsaslandırılmış tələbi zamanı; – əgər sirrin saxlanılması pasyent və (vəya) digər şəxslərin həyat və sağlamlığına əhəmiyyətli dərəcə mənfi təsir göstərərsə (qorxulu infeksion xəstəliklər); – müalicəyə başqa mütəxəssislər də qoşularsa və bu məlumat onlar üçün peşə zərurəti daşıyarsa.Xəstə arzu edərsə, həkim onun başqa həkim tərəfindən müayinə olunmasına maneçilik etməməlidir.Həkimin xəstə ilə dialoqu zamanı özünüreklam yolverilməzdir.

Həkim tibb ictimaiyyətinin şərəf və nəcib ənənələrini qorumalıdır. Həkimlər bir-birilərinə hörmət və xoşməramlı münasibət bəsləməlidirlər.Çətin klinik hallarda təcrübəli həkimlər az təcrübəli həmkarlarına doğru, zərif şəkildə məsləhət verməli və kömək göstərməlidirilər. Lakin müalicə prosessinə bütün məsuliyyəti ancaq və ancaq xəstənin maraqlarını nəzərə almaqla həmkarlarının məsləhətlərini qəbul və ya imtinada sərbəst olan müalicə həkimi daşıyır.

Həkim işlədiyi müəssisəyə qarşı üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirməlidir.Öz tibbi fəaliyyətinə görə həkim ilk öncə xəstə və tibb ictimaiyyəti qarşısında mənəvi, qanunların pozulmasına görə isə rəhbərlik və məhkəmə qarşısında sorumluluq daşıyır.

Nəticə olaraq nə qərara gəlmək olar?

Təkrarçılıq kimi çıxmasın, bir daha qeyd etmək istəyirəm ki, son illərin statistikası göstərir ki, haqlı tərəf tibb işçisi olduğu halda da məhkəmə verdiktləri bir çox hallarda onların əleyhinə çıxarılır. Buna görə də görünən odur ki, həm də səhiyyə sahəsi üzrə ixtisaslı vəkillərimizin olmaması üzündən, son illər tibb işçilərimizin hüquqi cəhətdən müdafiəsi işi lazımi səviyyədə qurulmur. Yuxarıda qeyd etdiyimiz bütün bu boşluqları aradan qaldırmaqdan ötrü qeyri-dövlət sektorunda çalışan tibb işçilərimizin hüquqlarının qorunması sahəsində həm müstəqil həmkarlar təşkilatının (sonradan həmkarlar konfedrasiyasına daxil olmaqla) təsis edilməsinə, həm də xəstə ilə həkim və sığorta şirkətləri ilə tibb müəssisələri arasında yarana biləcək məhkəmə çəkişmələri zamanı tam ədalətli qərarların çıxarılması üçün həkimlərin hüquqlarının müdafiə cəmiyyətlərinin yaranmasına böyük ehtiyac vardır. 

Belə bir cəmiyyətun təsis edilməsi üçün təşkilat komitəsi yaradılmışdır. Müraciət etmək istəyənlər Sizin redaksiya vasitəsilə və ya (050) 368 -82 -71 nömrəsinə zəng edərək bizlə əlaqə saxlasınlar.

İlahə Əliyeva

Check Also

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Guardian” …