Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin ilk iclası keçirilib
Boyukmillet.com xəbər verir ki, İcmanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda İcmanın Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi fikirlərin böyük tarixi və siyasi əhəmiyyətə malik olduğunu söyləyib. O qeyd edib ki, Qərbi Azərbaycana qayıdış məsələsi bu gün hər bir azərbaycanlının, o cümlədən gənclərin ən ümdə vəzifələrindən biri kimi gündəmdədir. Qayıdış Konsepsiyasının müddəalarında qayıdışın əsas prinsipləri əks olunub, Qərbi Azərbaycana qayıdış məsələsi bu gün Azərbaycan xarici siyasətinin mühüm komponentlərindən birinə çevrilib. O bildirib ki, hər bir gəncin üzərinə düşən əsas vəzifə bu proseslərdə fəallıq göstərmək, həqiqətləri həm də müasir texnoloji imkan və vasitələrdən istifadə edərək çatdırmaqdan ibarətdir.
Sonra çıxış edən İdarə Heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının təşkilati strukturu, fəaliyyəti və qarşıda duran vəzifələr haqqında qısa məlumat verib. İcma sədri Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və bununla bağlı qəbul olunan tədbirlər planı üzrə görüləcək həlli vacib işlərə toxunub, Qərbi Azərbaycana qayıdış məsələləri, beynəlxalq müstəvidə görülməli olan işlər haqda məlumat verərək, bu məsələdə gənclərin rolundan danışıb.
Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov vurğulayıb ki, gənclər təmsil olunduqları müxtəlif qurum və platformalarda vahid mövqedən çıxış etməli, Qərbi Azərbaycana qayıdışla bağlı aparılan işlərin bir parçasına çevrilməli və hər bir gənc bu işə öz töhfəsini verməyə çalışmalıdırlar.
Deputat Səbinə Xasayeva çıxışında tarixi faktlara söykənməklə zamanın reallıqlarını doğru dəyərləndirərək mübarizə aparmağı hər bir gənc üçün vacib hesab etdiyini bildirib. Diqqətə çatdırılıb ki, bu gün hər bir gənc özünü Qərbi azərbaycanlı hesab etməli, bilik və potensialını istifadə edərək doğma torpaqlarımıza qayıdışa töhfələr verməlidir.
Deputat Emin Hacıyev isə çıxışında Ermənistanda keçirilən idman yarışında Azərbaycan bayrağının yandırılmasını pisləyib, müqayisə olaraq Azərbaycanda keçirilən yarışlarda erməni idmançıların çıxışları üçün tam rahat və təhlükəsiz şəraitin yaradılmasına diqqət çəkib.
Politoloq Zaur Məmmədov da Qərbi Azərbaycana qayıdışla bağlı fikirlərini bölüşüb, torpaqlarımıza qayıtmağın vacibliyindən danışıb.
Görüşdə Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov, Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi Əli Məhərrəmli, Dövlət Vergi Xidmətinin əməkdaşı, İqtisad Universitetinin doktorantı Aygün Məmmədova, Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar Təşkilatının sədri, texnika üzrə fəlsəfə doktoru Bayram Məmmədov, Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi Namiq Muradov çıxış ediblər.
Çıxışlardan sonra Gənclər Birliyinin sədri Ramin Məmmədov növbəti görüşlərin konkret olaraq xüsusi mövzulara həsr olunacağını deyib.