Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qərbi Azərbaycan kəndləri – Avşar

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırmalar aparıb. 

Boyukmillet.com Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” seriyasından növbəti yazısını təqdim edir.

Avşar kəndi Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, Böyük Vedi qəsəbəsindən 12 kilometr cənub-qərbdə, Vedi çayından ayrılan su arxının və İrəvan-Naxçıvan avtomobil yolunun (keçmişdə Poçt yolu və ya Padşah yolu da deyiblər) üstündə, İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin kənarında, dəniz səviyyəsindən 847 metr yüksəklikdə yerləşir.

1919-cu ilə qədər kənddə ancaq azərbaycanlılar yaşamış, 1922-1988-ci illərdə isə azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olub.

“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) İrəvan qəzasının Vedi nahiyəsində Avşar kəndi kimi qeydə alınıb. “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Əfşar Gelevan kəndi kimi qeydə alınıb.

1728-ci ilə aid “dəftər”in “Zeamət və timarlar” bölməsində kəndin Əli İbrahim oğlu adlı şəxsin timarı (süvari hərbçilərə verilən torpaq sahəsi) olduğu göstərilib.

Sonrakı dövrlərə aid statistik məlumatlarda (1832, 1873, 1886 və s.) kəndin adı yenidən Avşar kimi qeydə alınıb.

Kəndin adı qədim türk tayfalarından olan Qayı türklərinin əfşar//avşar qolunun adından götürülüb. Əfşarlar isə IX əsrədək Qıpçaq çöllərində yaşamış, sonra səlcuqlarla birlikdə Azərbaycana və Kiçik Asiyaya gələrək orada məskunlaşmışlar. Qızılbaş tayfa birliyinə daxil olan əfşarlar Səfəvilər dövlətinin yaranmasında fəal iştirak etmiş, bu dövlətin əsas dayaqlarından olmuşlar. Səfəvi qorçubaşılarının çoxunun əfşar əmirlərindən olduğu məlumdur. Səfəvilər dövründə əfşarlara Çuxur-Sakat ərazisində yaşamaq üçün torpaq sahələri ayrılıb.

Hazırda Azərbaycan Respublikası, Qərbi Azərbaycan, Cənubi Azərbaycan və Türkiyə ərazilərində əfşar//avşar adı ilə çoxlu kəndlər və digər toponimlər var. F.Sumər Türkiyədə afşar//əfşar adı ilə bağlı olan 86 kənd qeydə alıb.

Vedibasarda Avşar və Əfşaryerli kəndləri ilə yanaşı, Əyricə yaylağında Afşar obası oronimi də olub. Ağcabədi rayonundakı Ofşar, Qafan rayonundakı Əfsərli, Şərur rayonundakı Əfşar toponimik adları və Abşeron sözü də əfşar etnosunun adı ilə bağlıdır.

İranın türkdilli əhalisi içərisində əfşarlar çoxluq təşkil edir. Səfəvilər dövlətinə qədər onlar Azərbaycanda yaşamış, sonralar İranın hər yerinə yayılmışlar. Buna görə də əfşar etnonimi ilə bağlı toponimlər (Əfşar, Əfşarcıq, Əfşaran, Teleəfşar, Əfşarlı, Qavavşar, Çəmənəfşar) hazırda İranın əksər bölgələrində mövcuddur.

Əfşar tayfasının ən böyük şəxsiyyəti Nadir şah Əfşar olub, onun fatehlik və köçürmə siyasəti nəticəsində əfşarların xeyli hissəsi Əfqanıstan və Hindistana köçürülüb. İranda əfşarlar daha çox Səlmas, Urmiya, Təbriz, Qəzvin, Sultaniyyə, Qum və Kaşanda yaşayırlar. İranın cənubunda Qoşay elinin tərkibində əfşarlara məxsus bulverdi, əfşar, kirmani, qırxlı (Nadir Şah Əfşar həmin qırxlı tirəsindən idi), imirli, qasımlı, arıxlı, qumlu və ya qutulu və s. tirələri yaşayırlar. Əfqanıstanda isə əfşarlar Qabil və Qəndəhar şəhərlərinin ətrafında məskunlaşıblar.

Vedibasar mahalındakı Avşar kəndinin Nadir şah Əfşarın hakimiyyəti illərində (1736-1747) buraya köçürülmüş əfşar tayfasının nümayəndələri tərəfindən salınması fikri kökündən səhvdir. Hələ 1590-cı ildə burada Avşar adında kəndin mövcudluğu bu qədim türk tayfasının Vedibasar ərazisində çox-çox əvvəllərdən məskunlaşdığını sübut edən ciddi faktdır. Ehtimala görə, kənd Səfəvilərin bu ərazilərə ilk yürüşləri zamanı salınıb.

Avşar adının mənasına gəldikdə isə Fəzlullah Rəşidəddinin (XIV əsr) “Oğuznamə”sinə görə, Avşar – Oğuz xanın fəxri “bozok” titulu verdiyi üç oğlundan biri olan Ulduz xanın oğlunun adıdır.

Mahmud Kaşğari (XI əsr) isə oğuzların 22 boydan ibarət olduğunu və altıncı boyun əfşar adlandığını göstərir.

Sözün mənası “çevik və vəhşi heyvan ovuna həvəsli“ anlamındadır. Linqvistik baxımdan təhlil etdikdə aydın olur ki, Avşar//Ofşar sözü av-çı-ar komponentlərindən ibarətdir. Av//ov lekseminə sənət, peşə bildirən -çı şəkilçisi artırılaraq avçı//ovçu peşəsi ilə məşğul olan tayfanın adı əmələ gəlib. -çı şəkilçisi türk dillərində peşə, məşğuliyyət mənasını ifadə edir: avçı (türk), avjı (qaqauz), avçu (qumuk), avşı (qazax), avçı (tatar), avsı (başqırd), ovçı (uyğur), ovçu (azər) və s. Rus dilindəki ovçarka//ov-çar (ov iti) sözü də həmin kökdəndir.

Əlimizdə olan 1832-ci il siyahıyaalmasına görə Vedi nahiyəsinin Avşar kəndində 13 ailədə 80 nəfər (42 kişi, 38 qadın) yaşayıb. Kənd müsəlman-türk kəndi olub.

1873-cü ildə kənddə ailələrin sayı 115-ə, əhalinin sayı 886 nəfərə (500 kişi, 386 qadın) çatıb. Həmin siyahıyaalmada kənddə bir məscid də qeydə alınıb.

1886-cı ildə bu statistika 149 ailədə 1059 nəfər (542 kişi, 517 qadın) şəklində dəyişib. Yenə də kənd əhalisinin hamılıqla “tatar” (türk) olduğu göstərilib. Kənd iqtisadiyyatının əsasında əkinçilik və heyvandarlıq dayanıb. Əhali mal-qaranı Ağxaraba-ağıl qışlağında saxlayıb, yayda isə Əyricə yaylağına qaldırıb. Burada Avşar kəndinin Tikanlıyurd, Çarküsyurd, Çökəkyurd, Düzyurd, Dikyurd adlı yurd yerləri olub.

Avşar kəndində 1897-ci ildə 1166 nəfər, 1905-ci ildə 1094 nəfər, 1914-cü ildə 1107 nəfər azərbaycanlı qeydə alınıb.

1918-1920-ci illərdə Vedibasar mahalının başqa kəndləri kimi, Avşar kəndi də erməni daşnaklarının vəhşi hücumlarına məruz qalıb. Erməni təcavüzünə bir ildən çox mərdliklə sinə gərən avşarlılar sonra kəndi tərk etməyə məcbur olublar. Həmin hadisələr zamanı kəndin dinc əhalisinin çox hissəsi ermənilər tərəfindən ətlə yetirilib.

Vedibasar sovetləşəndən sonra qaçqın avşarlılar kəndlərinə dönüblər. Bu vaxt artıq kənddə Türkiyənin Van bölgəsindən qaçıb gəlmiş ilk erməni ailələri yerləşdirilmişdi. Geri dönən 420 azərbaycanlı avşarlılar bundan sonra ermənilərlə yanaşı yaşamağa məcbur olublar.

1926-cı ildə kənddə 533 nəfər azərbaycanlı, 317 nəfər erməni, 1931-ci ildə isə 608 nəfər azərbaycanlı, 327 nəfər erməni yaşayırdı. 1930-cu illərdə İrəvanın erməni rəhbərliyi Avşar kəndində bu respublikanın Qarakilsə (Sisiyan), Yelenovka (Sevan), Qaranlıq və Basarkeçər (Vardenis) dağ rayonlarından köçürülüb gətirilmiş xeyli erməni yerləşdirir və bu süni artımla 1939-cu ildə kənd əhalisinin ümumi sayı 1359 nəfərə çatdırılır. 1946-1947-ci illərdə kənddə Türkiyə və İrandan gətirilmiş yeni erməni ailələri yerləşdirilir.

1951-ci il aprel ayının 17-də Avşar kəndinin bütün azərbaycanlı əhalisi zorla Azərbaycana köçürülür. Həmin vaxt Avşar kəndində 260 ev azərbaycanlı, cəmi 50 ev erməni yaşayırdı. Uç gün sonra qatar deportasiya olunanları Yevlax stansiyasına gətirib çıxarır. Burada onları Salyan, Əli Bayramlı (indiki Şirvan), Şəmkir, Ağcabədi, Şəki, Sabirabad arasında bölüşdürürlər. İ.Stalinin ölümündən sonra yaranmış siyasi vəziyyətdən istifadə edən 10 avşarlı ailəsi 1954-cü ilin martında geriyə – doğma kəndlərinə qayıdır. Lakin ermənilər istəklərinə nail olmuş, kəndi erməniləşdirmişdilər. Həmin azərbaycanlı ailələr erməni təzyiq və təqiblərinə dözməyərək 1970-ci ildə yenidən Azərbaycana üz tutur, bu dəfə Şəki rayonunun Pyotr Babayev adına üzümçülük sovxozunda – Üzümlü kəndində məskunlaşırlar.

Ən çox avşarlı isə Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayır. Vaxtilə buraya 100 avşarlı ailəsi köçürülmüşdü.

Vedi rayonunun Avşar kəndində yaşamaqda davam edən bir neçə azərbaycanlı ailəsi isə 1988-ci ildə Azərbaycana qovuldular. Bu gün avşarlılar Azərbaycanın, demək olar, əksər bölgələrində, daha çox Ağcabədi, Bərdə, Şəki, Şəmkir, Əli Bayramlı, Abşeron və başqa rayonlarında yaşayırlar.

* * *

Avşar Vedibasar mahalı ərazisində tanınmış şəxsiyyətləri ilə seçilən kəndlərdən biri olub. Məsələn, avşarlı Məşədi Cavad uzun illər Vedibasara qlavalıq edib.

1918-1921-ci illərdə isə Avşar kəndindən bir çox igidlər Abbasqulu bəy Şadlinskinin dəstəsində ermənilərə qarşı mərdliklə vuruşublar. Onlardan Şükür Kəlba Əsgər oğlu Əsgərovun, Süleyman Əsgər oğlu İsmayılovun, Məhəmməd Hümbət oğlu Kərimovun, Musa Rəhim oğlu Əliyevin adları bu gün də yaddaşlardan silinməyib.

Avşar kəndi sovet dövründə də Vedi rayonu ərazisində ən böyük azərbaycanlı kəndlərindən olub. Ötən əsrin 40-cı illərində rayon ərazisində mövcud olan cəmi iki azərbaycanlı orta məktəbindən biri məhz bu kənddə yerləşirdi. Yaxın kəndlərin şagirdləri 9-10-cu sinifləri bu məktəbdə oxuyurdular.

Kəndin tayfa adları və toponimləri

Avşar kəndində hər tayfanın öz məhəlləsi olduğu üçün tayfa və məhəllə adları çox vaxt üst-üstə düşürdü: Qaracallar məhəlləsi, Ağasıllar məhəlləsi, Gülatan məhəlləsi, Zallar məhəlləsi, Dəlləklər, Ağamalı uşağı və s.

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …