Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Vəzirovun son açıqlamaları ilə bağlı etiraz bəyanatını qəbul edib.
Boyukmillet.com bəyanatı təqdim edir:
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi, 1988-1990-cı illərdə o vaxtkı ermənipərəst Moskvanın Azərbaycana qarşı yeritdiyi düşmənçilik siyasətinin Bakıda kor-koranə icraçısı Əbdürrəhman Vəzirov keçmiş cinayətlərini ört-basdır etmək məqsədilə bu günlərdə verdiyi müsahibədə 1988-ci ildə Ermənistandan gələn qaçqınların guya o vaxt Qarabağda məskunlaşmadan imtina etmələri barədə həqiqətə uyğun olmayan fikirlər səsləndirmişdir. Bu, Əbdürrəhman Vəzirov kimi siyasi yaramaz və riyakarların heç vaxt dəyişmədiyinin, marionet missiyasını yerinə yetirməklə erməni siyasətinə xidmət göstərməkdə hələ də davam etdiyinin əyani sübutudur. Həm də bu məsələdə Ə.Vəzirov tək deyil, keçmiş rəhbərlikdə olanların yanaşmalarından da görünür ki, Vəzirovla komanda yoldaşları eyni cür düşünmüş, eyni mənfur siyasətə komanda şəklində qulluq etmişlər.
Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq bəyan edirik ki, 1988-1991-ci illərdə Ermənistandan qovulan qaçqınlarla bağlı əlimizdə kifayət qədər sübutlar vardır, o hadisələrin canlı şahidlərinin bir hissəsi hələ də həyatdadır və biz yaxın vaxtlarda bu məsələlərin bütün təfərrüatını açıqlayacağıq. Hələlik Azərbaycan ictimaiyyatınin nəzərinə iki faktı çatdırırıq, birincisi, məlum hadisələrlə bağlı Qərbi Azərbaycandan ilk çıxarılan kəndlərdən biri Vedi rayonunun Şirazlı kəndi olmuşdur ki, bu kəndin camaatı Şuşada məskunlaşmışdı. Lakin Vəzirovun təkidi ilə onlar bir gecədə Şuşadan çıxarıldılar. Digər fakt: Qərbi Azərbaycanlıların Qarabağda yaşayan ermənilərlə ən pis halda kəndi kəndlə, evi evlə dəyişdirmək planları da məhz Vəzirov tərəfindən pozuldu, ermənilərin yaşadığı Azərbaycan kəndlərinin girişində postlar qurularaq azərbaycanlı qaçqınlar həmin kəndlərə buraxılmadı. Bu barədə də Cəmiyyətimizin arxivində kifayət qədər faktlar var. Ə.Vəzirovun o vaxt televiziya ilə sevincək “…ey Azərbaycan xalqı, gözünüz aydın, ermənilər qayıdır…” deməsi, bu yolla ermənilərin şirnikləndirilərək geri qayıtmasına kömək etməsi insanların yaddaşından hələ də silinməyib.
Beləliklə, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Ə.Vəzirovun Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin əvvəlində xain mövqeyini bir daha pisləyir, milli xəyanət hesab edir və Ermənistan qaçqınlarının Qarabağda məskunlaşmadan guya imtina etmələri barədə səsləndirdiyi fikirlərin cəfəngiyat olduğunu, həqiqəti əks etdirmədiyini, ictimaiyyəti aldatmaq, Azərbaycan xalqının Qərbi Azərbaycan kəsiminə qarşı insanlarda mənfi rəy formalaşdırmaqla ideoloji mübarizədə Azərbaycana biabırcasına uduzan erməni tərəfə yeni güc vermək məqsədi güddüyünü bəyan edir.